ABŞ İrana qarşı birbaşa müharibəyə qoşula bilər - 48 saat ərzində...

18 İyun 2025 10:10

ABŞ rəsmiləri qarşıdakı 24-48 saatın İran ətrafında baş verən hadisələr üçün həlledici olacağını düşünürlər. Bu müddət ərzində Vaşinqtonun İsrailin hərbi əməliyyatlarına birbaşa qoşulub-qoşulmayacağı ilə bağlı qərar verəcəyi gözlənilir.

Milil.Az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu qərarın verilməsində əsas amil münaqişənin diplomatik yollarla həllinin mümkünlüyü ilə bağlı aparılan qiymətləndirmələr olacaq. Mənbələrin sözlərinə görə, ABŞ hələ də İranı danışıqlara qaytarmaq və Tehranın uranın zənginləşdirilməsindən tamamilə imtinasını nəzərdə tutan yeni razılaşmaya razı salmaq imkanına ümid bəsləyir.

Qeyd edək ki, 2025-ci ilin aprelindən bəri İran və ABŞ, Oman vasitəçiliyi ilə, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyi aradan qaldırmaq məqsədilə dolayı formatda danışıqlar aparırdılar. Bir neçə mərhələdən ibarət olan bu prosesdə irəliləyiş əldə olunsa da, uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqları səbəbindən danışıqlar dayandırılma təhlükəsi ilə üzləşmişdi.

Danışıqların altıncı raundunun iyunun 15-də Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılsa da, İsrailin İrana hərbi zərbələr endirməsindən sonra bu görüş ləğv olunub.

Fidan
Milli.Az