İranda daha 3 nüvə alimi öldürüldü - YENİLƏNİR - FOTO

14 İyun 2025 14:56

İranda İsrailin zərbələri zamanı daha üç nüvə üzrə alimin öldürüldüyü bildirilir.

Bu barədə "Tasnim" məlumat verir.

Agentlik həmçinin öldürülən alimlərin adlarını açıqlayıb - Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci.

Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da "9 İran aliminin məhv edildiyini" bəyan etmişdi. / "Report"

--------

11:40

İsrailin endirdiyi zərbələr nəticəsində İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb.

Milli.Az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə və İnformasiya Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, İran Baş Qərargahının əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani və kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb. /APA

-------

09:28

İranın İsrailə göndərdiyi raketlərin beşinci dalğası Böyük Tel-Əviv bölgəsinə düşməyə başlayıb.

Bu haqda İsrail Radiosu məlumat verib.

Radio həmçinin beşinci dalğanın bütün İsraili hədəf aldığını bildirib. İsrailin şimalında, mərkəzində və cənubunda partlayış səsləri eşidilib.

İsrailin "Kanal 12" kanalı Tel-Əvivin cənubundakı Rişon LeZion şəhərinə raket zərbəsi endirildiyi ilə bağlı məlumat paylaşıb.

İsrail Ordusunun mətbuat xidməti də son bir saat ərzində İrandan İsrailə doğru onlarla raket atıldığını və onlardan bir neçəsini tutmaq mümkün olduğunu açıqlayıb.

Məlumatda xilasetmə qruplarının raketlərin düşdüyü barədə məlumatların daxil olduğu bir neçə yerdə işlədiyi bildirilir.

"Yedioth Ahronoth" isə İranın son hücumunda bir neçə israillinin yaralandığı və 6 binaya ciddi ziyan dəydiyi barədə məlumat yayıb. /Lent.az

-------

07:30

İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 70-ə çatıb.

Bu haqda Qətərin "əl-Cəzira" telekanalı İsrail mətbuatına istinadən məlumat yayıb. 

Məlumatda bir israilli qadının da həlak olduğu bildirilir.

-------
00:05

İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri İsrailə məxsus iki F-35 qırıcı təyyarəsini və çox sayda mikro hava aparatını uğurla vuraraq məhv edib.

İrna yazır ki, pilotların taleyi hələlik naməlumdur və araşdırılır.

-------

23:28

İranın hücumları nəticəsində 15 nəfər xəsarət alıb. Bu barədə İsrailin hərbi müxbiri Manuel Fabian məlumat verib.

-------

23:23

Tel-Əviv küçələri hazırda belə görünür.

23:17

İsrailə zərbələrin ən dəqiq görüntüləri yayılıb:

22:58

İran ordusu İsrailə məxsus iki F-16 və bir neçə PUA-nın məhv edildiyini təsdiqləyib.

Ordudan verilən məlumata görə israilli qadın pilot da SEPAH qüvvələri tərəfindən əsir götürülüb.

-------

22:52

İran tərəfindən buraxılmış bir neçə raket İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib.

Bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.

--------

İran İsrailə raket hücumuna başlayıb.

İran İsrailə qarşı həyata keçirdiyi əməliyyata "Sərt cəza" adını verib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə təxminən 200 ballistik raket atıb.

İsrail ilk mərhələdə atılan 100 ballistik raketin 50-sini vurub. "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemi kütləvi hücumu tam şəkildə dəf edə bilməyib. İlkin məlumatlara görə, raket zərbələri ölkənin mərkəzində azı yeddi bölgədə qeydə alınıb.

Milli.Az