Azərbaycanda xəstəxanada oksigen balonu yanıb - Xəstələr təxliyə edilib - YENİLƏNİB

11 İyun 2025 14:04

14:04

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.

"Hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir. Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb", - məlumatda qeyd olunub. 

12:26

Gəncədə xəstəxanada oksigen balonu yanıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.

Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.

Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.

Əlavə məlumat veriləcək.

Milli.Az