Azərbaycanda toy üçün hansı maşınlar seçilir? - FOTO

21 İyul 2012 11:21
Bu sözləri metronun "Xalqlar dostluğu" stansiyasının yanında gəlin maşını kirayəsi xidmətini təklif edən sahibkarlarla söhbət edən 25 yaşlı Emin Əhmədov deyir. Deyir ki, özünə bir toy çaldıracaq ki, uzun illər dillər əzbəri olacaq: "Mən toyumda hər şey edəcəm. Yüksək səviyyədə, dəbdəbəli, təmtəraqlı bir toy çaldıracam".

Çünki hamı bir-birilə rəqabətə girir. Hamı istəyir ki, dostundan, tanışından daha yaxşı özünə toy etsin. Borcla, xərclə olsa da, ömürdə bir dəfə olan gündür. Amma ayağını yorğanına görə uzadanlar da var.
 
Toy evində şadlıq sarayının hansı olacağından tutmuş, bəy-gəlin maşınınacan günlərlə mübahisələr gedir, saysız təkliflər səslənir.

Maşınlar hazır bəzənmiş, sifariş gözləyir


Artıq toy mövsümü iyulun 20-də bitdi. Belə ki, iyulun 21-də Ramazan ayı daxil oldu. Bunu 5 ildir maşın kirayəsi ilə məşğul olan Faiq deyir.
Biz reportajımızda toyun ən vacib elementlərindən olan gəlin maşının xərclərindən bəhs edəcəyik.

Çünki nə qədər adi görünsə də, əslində ona çəkilən xərc heç də kiçik olmur. "Xalqlar dostluğu" stansiyasının yanında olan "gəlin maşını" bazarında apardığımız araşdırma belə qənaətə gəlməyə əsas verir. Maşınlar hazır bəzənmiş, sifariş gözləyir. Bəzəkdə isə lent və süni güllərdən istifadə olunur. Kirayə maşın verənlər deyirlər ki, kimsə özü təbii güllə bəzəmək istəyirsə, ancaq maşının qiymətini ödəyir.

Kirayə maşınların qiymətləri hansı əsasla dəyişir?

Kirayə maşın verən Faiq deyir ki, bazarda istənilən qiymətə maşın kirayə götürmək olar: "Qiymətlər 50-2000 manat arasında dəyişir. Bu dəyişikliyin səbəbləri aşağıdakılardır:

1.Maşın hansı ölkənin istehsalıdır və avtomobilin alınma qiyməti;
2. Maşın nə qədər məsafədə hərəkət edəcək. Məsafələr artıqca maşının kirayəsi 30-60 manat artır.

Ən ucuz xidmət Almaniya istehsalı olan "BMW" və "Mercedes S-Class"larladır. 80-300 manat arasındadır xidmət. Bu, son qiymət də deyil, müştəri ilə hər iki tərəfi razı salacaq təkliflə razılaşırıq.
İndi sifarişlər çoxdur. 30-a yaxın maşından burada 4-5-i qalıb. Qalanları kirayədədir. Bu günlərdə müştəri gəldi, Ramazan ayı bitəndən sonrakı günə sifariş verdi. Hazırda maşının kirayə qiymətləri bahadır. Yay enidirimi boş söhbətdir. Çünki Ramazana görə yekunlaşdığı üçün toyların sayı artmışdı, kirayə verən də bundan qazanmaq istəyir. Maşının qiymətini qaldırır".

"Buna görə də bizə artıq pul verirlər"

Faiq deyir ki, maşın saat 16.00-da kirayələyir, gecə gətirib qaytarırlar: "Elə toy sahibi də var, maşını tez qaytarır. Yəni toy sahibi kirayə maşınla gəlini evindən götürür, aparıb qoyur toy evinə və maşını qaytarır. Çox adam toydan sonra gəlini qohumlarının maşını ilə evə aparır. Maşını "nisyə" aparanlar da olur. Eləsi də var deyir ki, əhd eləmişəm, mütləq gəlini bu maşında gətirməliyəm. Buna görə bizə artıq pul verirlər".

Gənclər hansı gəlin maşınlarına üstünlük veririlər?

Başqa kirayəçi Təmkin bildirdi ki, üstüaçıq maşınların (kabriolet) kirayə məbləği ucuzdur: "Bu maşınlar sanki müasir faytondur. Kirayə məbləği 70-90 manat arasındadır. Qışda üstüaçıq maşını çox az adam götürür deyə qiyməti uçuzlaşdırmışıq".

Təmkinin sözlərinə görə, gənclər öncə daha çox "Limuzin"ə üstünlük verirdilərsə, indi onların çoxu "Lexus", "Range Rover", "Prado", "Hummer", "Hyundai", "X-trail"də toy evinə gəlmək istəyir.
Bu maşınların isə günü 500-2000 manat arasındadır. "Limuzin"ləri daha çox rayonlardan sifariş verirlər".

Öyrəndik ki, maşının bəzədilməsi toy yiyəsinin sifarişindən asılıdır. Gül mağazalarında maşının adi güllərlə bəzədilməsi 40-60 manat arasındadır. Qızıl güllə isə 70-250 manata başa gəlir.
Maşın kirayəçilərinin sözlərinə görə, son bir-iki illə müqayisədə sifarişlər dəyişib. İndi milli üsuba önəm verən gənclər fayton sifariş edirlər. Bu isə maşın bazarına ziyandır.

Bir günlük toyun dığ-dığı...

Bu zaman sifarişçilərdən biri söhbətimizi eşidir, jurnalist olduğumuzdan xəbərdar olub deyir: "Bu millət ədəbazlığından əl çəkmir də... Bir günlük toyun dığ-dığı illərlə qohum-əqrabanın qiybət mövzusu olur. Arxaizmdən, bu aqrar təfəkkürdən uzaqlaşmaq lazımdır. Təvəzökarlığın özü gözəllikdir".

"Bizim yol" qəzeti

Böyütmək üçün şəkillərə klikləyin.