Tovuzda 31 yaşlı Kainat Namazovun anası və bacısını baltalayaraq evini yandırmasının təfərrüatı məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ailə başçısı Elbrus Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.
Bir müddət əvvəl E.Namazov infarktdan dünyasını dəyişib. Təxminən, 10 gün əvvəl onun 40 mərasimi keçirilib. Anadangəlmə ruhi əsəb xəstəsi olan Kainat Namazov atasının ölümünə qədər sakit təbiətli olub. Ancaq yas mərasimindən sonra aqressivləşməyə başlayıb və bir neçə dəfə evdə yersiz mübahisələr yaradıb.
İyunun 6-da günorta saatlarında K.Namazov növbəti dəfə anası Sevinc Namazova ilə mübahisə edib. Mübahisə sakitləşəndən bir saat sonra K.Namazov qəflətən həyətdəki, içərisində tezalışan maddə olan qabı götürərək evə daxil olub və mənzilə daxildən od vurub. Anası və bacısı Kainata mane olmaq istəsələr də, alınmayıb. O, həyətdəki yarımtikilidən baltanı götürüb evə girərək yanğını söndürməyə çalışan anası və bacısına baş nahiyələrindən ardıcıl zərbələr endirib.
Evin yandığını görən qonşular hadisə yerinə gələrək K.Namazovun əlindən baltanı alıb, onu zərərsizləşdiriblər.
Kainatın bacısı A.Namazovaya ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunub və o, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
-------
18:05
Tovuzda yanğın hadisəsi baş verib.
Trend-in məlumatına görə, Tovuzda ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı Aliyə Namazovaya və anası, 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.
Polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.
Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Milli.Az