Mbappe Fransa millisində tarix yazdı – Anrini də keçdi

6 İyun 2025 16:15

Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe daha bir tarixi nailiyyətə imza atıb.

Milli.Az xəbər verir ki, UEFA Millətlər Liqasının İspaniya ilə keçirilən yarımfinal oyununda (4:5) 1 qol və 1 assistlə yadda qalan 26 yaşlı futbolçu iki vacib göstəricidə Fransa millisinin liderinə çevrilib.

Mbappe bu nəticə ilə millidə ən çox məhsuldar ötürmə edən futbolçu olub - cəmi 31 assist. O, bu göstəricidə sabiq komanda yoldaşı Antuan Qrizmannı arxada qoyub.

Digər diqqətçəkən məqam isə Mbappenin Fransa yığmasının vurduğu qollarda birbaşa iştirak sayıdır. O, artıq 80 qolda pay sahibi olub - 49 qol, 31 assist. Bu göstərici ilə o, millinin əfsanəsi Tyerri Anrini də geridə qoyub. Anri Fransa yığmasının 78 qolunda iştirak etmişdi (51 qol, 27 assist).

Kilian Mbappe bu uğurlarla Fransa futbol tarixində adını daha da möhkəmləndirmiş oldu.

Kənan
Milli.Az