Cahangir Cahangirov adına Xor dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsertlə çıxış edib - FOTO

31 May 2025 16:04

Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xor Bəstəkarlar İttifaqında dahi bəstəkar  Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsertlə çıxış edib.

Konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə qonaqları salamlayaraq Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən yubiley tədbirlərinin əhəmiyyətini vurğulayıb və Üzeyir Hacıbəylinin Azərbaycanın  musiqi tarixində müstəsna yerini qeyd edib. Xalq artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib. Daha sonra çıxışında Üzeyir Hacıbəylinin yaradıcılığı, xor kollektivinin fəaliyyəti haqqında fikirlərini bölüşüb. Cahangir Cahangirov adına Xorun fəaliyyətini yüksək dəyərləndirərək kollektivə Üzeyir bəyə həsr etdiyi konsertdə uğurlar arzulayıb.

Bədii rəhbəri, Prezident mükafatçısı, Əməkdar müəllim  Təranə Yusifovanın rəhbərliyi ilə təqdim olunan musiqi proqramında "Leyli və Məcnun" operasından bəstələr, "O olmasın, bu olsun" operettasından duetlər, "Arşın mal alan" operettasından musiqili səhnələr, xalq mahnıları və bəstəkarın digər əsərləri səsləndirilib. Konsertdə solo ifalarda  beynəlxalq və respublika müsabiqələr laureatı Güllü Muradova və xor kollektivinin solistləri çıxış edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az