Tədbirdə nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti və infrastruktur təminatına dair fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə "Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər" mövzusunda ictimai müzakirə keçirilib. "Bakı KOB evi"ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.
KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirin nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti və infrastrukturun inkişafının müzakirə edilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oqtay Kərimov qeyd edib ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəyə keçidin təmin olunması məqsədilə köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrinin utilizasiyası üçün qanunvericilik bazası təkmilləşdirilib, ekoloji cəhətdən təmiz, elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar tətbiq edilib. Nəticədə ekoloji təmiz elektrik və hibrid mühərrikli avtomobillərdən istifadəyə maraq artıb. Ölkə ərazisində dövlət qeydiyyatında olan bu növ avtomobillərin sayı ümumi nəqliyyatın 4,7%-ni təşkil edir. Təkcə 2025-ci ilin ötən dövründə ilkin qeydiyyata alınan ümumi nəqliyyat vasitələrinin 40%-ni hibrid və elektrik mühərrikli nəqliyyat vasitələri təşkil edir. 2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı 2 dəfə artıb. Avtomobillərdən atmosferə atılan tullantıların azaldılmasına nail olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ildə iki dəfə "Təmiz hava" aylığı keçirilir. Son bir ildə və cari ilin ötən dövrü ərzində bu növ qaydaları pozan 34 124 sürücü barəsində inzibati tənbeh tətbiq edilib.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev ictimai nəqliyyatla bağlı görülən işlər, o cümlədən bu sahədə infrastrukturun yenilənməsi, mikromobillik və bununla bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunub ki, ötən il Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrik avtobus və 55 ədəd ekoloji təmiz CNG avtobus istismara verilib. Bu il özəl daşıyıcılar tərəfindən təxminən 400-ə yaxın ekoloji təmiz avtobusun alınaraq istismara buraxılması nəzərdə tutulur. 484 məntəqədə mikromobillik (skuterlər üçün) parklanma yerləri təşkil edilib, 78 məntəqədə velosipedlərin parklanması üçün dəmir konstruksiyalar quraşdırılıb, mikromobillik zolaqlarında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq işlər görülüb. 2024-cü ildən velosiped icarəsi xidmətinin tətbiqinə başlanılıb. Bakı şəhərində operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4760 ədəd təşkil edir ki, bunların 77%-ni skuter, 23%-ni isə velosiped təşkil edir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, yaşıl nəqliyyatın inkişafı KOB-lar üçün yeni biznes imkanları açır və onları innovativ sahələrə yönəldir. Xüsusilə elektriklə işləyən avtomobil və digər nəqliyyat növlərinin yayılması texniki xidmət mərkəzləri, enerji doldurma məntəqələri və xidmət üzrə yeni fəaliyyət sahələri yaradır. Eyni zamanda yaşıl nəqliyyat infrastrukturunun planlaşdırılması zamanı KOB-ların maraqları və onların fəaliyyətinə təsir edən məsələlər nəzərə alınmalıdır. Yaşıl nəqliyyat sahəsində fəaliyyət göstərmək istəyən, həmçinin, bu nəqliyyatın fəaliyyətindən təsirlənən sahibkarlar bu sahədəki trendləri izləməli, yeni məhsul və xidmətlərə uyğunlaşmalı, ətraf mühitə az təsir göstərən logistik modellərin tətbiqinə çalışmalıdır.
Tədbirdə biznes subyektlərinin müvafiq sahə üzrə təklifləri və qarşıda duran məsələlər öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.