1918-ci il mayın 28-i Azərbaycan xalqının dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının yaranması ilə yadda qaldı. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini dirçəldərək, müstəqilliyini elan etdi və xalqımızın öz müqəddəratını müəyyən etməyə qadir olduğunu nümayiş etdirdi.
Azərbaycanın müstəqil dövlət kimi tanınmasının əsası 1918-ci ilin mayın 28-də imzalanan İstiqlal Bəyannaməsi ilə qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti bununla həm tarixdə, həm də hüquq sistemində öz yerini tutdu, şərqdə demokratiyanın nümunəsi oldu.
Mövcud olduğu 23 aylıq qısa ömrünə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına misilsiz töhfə verdi. Qısa zaman ərzində ilk parlament çağırıldı, demokratik qanunvericilik bazası yaradıldı, dövlət atributları təsis olundu. Azərbaycanın beynəlxalq aləmdə tanınması istiqamətində mühüm addımlar atıldı. Parlamentin qəbul etdiyi qanunlar ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təməlini qoydu.
Bütün vətəndaşlara irqi, milli, dini və sosial bərabərlik prinsipi tətbiq edildi, ayrı-seçkilik aradan qaldırıldı. Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakı işğalçılardan azad edildi. Cəmi 23 ay ərzində qəbul olunan qanunların çoxu bugünkü müstəqil dövlətin hüquqi bazasının əsasını təşkil etməkdədir.
Yeni yaradılan Azərbaycan dövləti özünü dünyaya tanıtmaq üçün mühüm diplomatik addımlar atdı. Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanındı, bir sıra Avropa ölkələri ilə rəsmi əlaqələr quruldu. Bu, Azərbaycanın beynəlxalq hüququn subyekti kimi tanınmasına, 1920-ci ildə sovet işğalından sonra belə, dövlətçilik varlığının davam etməsinə səbəb oldu.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli mənlik şüurunu oyatdı, azadlıq və müstəqillik ideyalarını təzələyərək, gələcək nəsillərə ötürdü. Yeni respublika Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin özünəməxsusluğunu birləşdirən unikal dövlət modeli idi.
Xalq Cümhuriyyəti dövründə təhsil sahəsində əhəmiyyətli işlər görüldü. Ana dilində təhsilin təşviqi, Bakı Dövlət Universitetinin açılması, digər təhsil və mədəniyyət müəssisələrinin yaradılması milli kadrların yetişdirilməsi üçün əsas oldu. Ədliyyə sahəsində də ilk təşkilati və hüquqi tədbirlər görüldü, məhkəmə sistemi formalaşdırıldı.
XX əsrin sonlarında Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdə, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi çətin və məsuliyyətli bir iş oldu. Ulu Öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti sayəsində Azərbaycan öz suverenliyini qoruyub saxladı, siyasi-iqtisadi sabitlik bərqərar oldu. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan üçün taleyüklü dönəm başlayanda, Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gələrək, dövlətçiliyin möhkəmləndirilməsində tarixi xidmət göstərdi.
Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Bu addım müstəqillik yolunda həmrəyliyin, milli iradənin rəmzi oldu. Heydər Əliyevin siyasi iradəsi, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük rol oynadı.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu uğurla davam etdirir. İqtisadiyyat güclənir, sosial müdafiə tədbirləri genişlənir, vətəndaş cəmiyyəti inkişaf edir. Xüsusilə işğal olunmuş torpaqlar azad edilib, dövlətin ərazi bütövlüyü bərpa olunub. Bu nailiyyətlər dövlətçiliyin möhkəmlənməsi və milli maraqların təmin olunmasının təntənəsidir.
Bu gün Azərbaycan Bayrağının artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması yalnız torpaqlarımızın geri qaytarılması deyil, həm də Azərbaycan xalqının dövlətçilik tarixinin, milli qürurunun və müstəqilliyinin əyani ifadəsidir. Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsidir. Bayrağımızın torpaqlarımızın hər qarışında qürurla dalğalanması gələcək nəsillərə Azərbaycan dövlətinin əmanətidir.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması uğurla davam edir. Siyasi, iqtisadi və sosial islahatlar ölkəmizin dayanıqlı inkişafının əsas təminatıdır. Bütün bu proseslər dövlətimizin möhkəmlənməsinə xidmət edir və Azərbaycanın milli maraqlarının təmin olunmasında əsas amildir.
2007-ci ilin 25 mayında Bakı şəhərinin İstiqlaliyyət küçəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılışı milli dövlətçilik tariximizin, müstəqillik mübarizəsinin və ənənələrinin yadigarına çevrilib. Eyni zamanda, Prezident İlham Əliyevin AXC-nin 90 və 100 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları Azərbaycan xalqının milli tarix və dövlətçilik ənənələrinə bağlılığının göstəricisidir.
2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Bu addım Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının xidmətlərinin, müstəqillik tariximizin dövlət siyasətində xüsusi yer tutduğunun bariz nümunəsi oldu. 2018-ci ildə təsis olunan "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı isə dövlətçiliyin və milli tariximizin möhkəmləndirilməsinə verilən dəyərin göstəricisidir.
Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi qətiyyətli və məqsədyönlü siyasət həyata keçirərək, Azərbaycanın tarixi torpaqlarını düşməndən azad etdi, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanındı.
Bu uğurlar Azərbaycanın həm daxili inkişafına, həm də beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edib. Dövlətimizin bayrağı artıq bütün dövlət sərhədi boyunca ucalır, bu isə həm milli qürurun, həm də dövlətçilik əmanətinin parlaq nümunəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının işğaldan azad olunmuş ərazilərdə dalğalanması ölkəmizin dövlətçilik tarixində böyük nailiyyətdir. Bu, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan xalqının birlik və iradəsinin təntənəsidir.
Qanla qazandığımız milli azadlığımız və dövlətçiliyimiz yenilməz ruhumuzun zəfəridir. Daim zəfərlərə aparan yolumuz xalqımızın sarsılmaz birliyi, əbədi müstəqillik iradəsi və Vətənə sonsuz sevgisi ilə işıqlanır. Bu gün hər bir azərbaycanlı öz tarixindən güc alaraq, azad və suveren bir ölkənin vətəndaşı olmağın qürurunu yaşayır.
Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının qəlbinə yazılan sözləri ilə desək: "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir".
Sevil Mikayılova
Ümumdünya Parlamentlərarası İttifaqının (IPU) İcraiyyə Komitəsinin vitse-prezidenti, Milli Məclisin deputatı