20:32
Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur.
Milli.Az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun lisey və gimnaziyalara qəbul qaydalarında nəzərdə tutulan dəyişikliklərlə bağlı açıqlamasında bildirilib.
Qeyd edilib ki, bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir.
"Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.
Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, bu il ilk dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydaların belə ani dəyişməsi valideynlərin narazılığına səbəb olub.
------------
17:17
Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Belə ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydalara hansı səbəbdən dəyişiklik edildiyinə də rəsmi aydınlıq gətirilməyib.
Milli.Az qafqazinfoya istinadla xəbər verir ki, sözügedən qərar valideynlər arasında ciddi narahatlıqlara səbəb olub.
Artıq bir çox valideyn, o cümlədən təhsil ekspertləri bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Valideynlər həmin qərarı tənqid edərək, övladlarının təxminən bir ildir, hazırlıqlara getdiklərini, bunun onlara həm maddi, həm də mənəvi təsir etdiyini bildirib.
Narazı valideynlərdən biri Zahidə Səmədin sözlərinə görə, övladı hazırlıqlarla yanaşı, hər ay 1 və ya 2 dəfə liseylərdə sınağa gedib: "Sınaq çox da minimal büdcə deyil, 12-15 manat olub və hamımız uşaqlarımızı ora göndərmişik. Bəs bu sınaqlar niyə təşkil olunurdu? Hətta mayın 31-nə, iyunun 1-nə sınaqlar var, onlara bilet alan insanlar var. Əgər imtahan olmayacaqdısa, niyə bu sınaqların təşkilinə icazə verilirdi? Niyə bu qərar sentyabrda, ilin ortasında - yanvarda deyil, imtahana 20 gün qalmış açıqlanır? Bu, şagirdlərin hüquqlarının tapdalanmasıdır. Bu qərarın qəbulunda məqsəd nədir?"
Valideynlər qərara təkrar baxılmasını, onun aradan qaldırılmasını tələb ediblər.
Təhsil eksperti Elmin Nuri isə həmin qərarı gözlənilməz və bir o qədər də məyusedici adlandırıb: "ARTİ tərəfindən mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul bu il yalnız VI sinif şagirdlərinə şamil edildi. Yəni, yalnız onlar 7-ci sinfi liseydə oxumaq üçün imtahan verəcəklər. Bəs digərləri?! Dünənədək bu proses IV-VIII siniflərə şamil edilmirdimi?! Minlərlə uşaq il boyu hazırlaşıb ki, sonda imtahan verib, lisey-gimnaziyalara qəbul olunsunlar. Valideynləri pul, müəllimləri beyin xərcləyiblər. Özlərinin əziyyətindən isə danışmağa dəyməz. Belə məsələlər durduq yerə, birdən-birə "yalnız bu olmalıdır" prinsipi ilə olmur. Ümumiyyətlə, olmur və olmamalıdır da... Yaxşı, madam ki, qəbul yalnız VI siniflər üçündür, o zaman digər siniflərin qəbulunun dayandırılmasının səbəbi nədir?"
Problemlə bağlı Təhsil İnstitutuna ünvanladığımız sorğuya belə cavab aldıq: "Sözügedən mövzu qurumun diqqətindədir və müzakirələr aparılır. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək".
Qeyd edək ki, Bakıda və bölgələrdə mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyaların sayı 30-dan çoxdur.
Milli.Az