Mayın 26-da Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə İkinci Dünya müharibəsində nasizm üzərində qələbəyə və yəhudi xalqının məhv olmaq təhlükəsindən xilasını simvolizə edən "Qurtuluş və Nicat Günü"nə həsr edilən tarixi sərgi təşkil olunub.
Qırmızı Qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyində baş tutan tədbirdə dövlət rəsmiləri, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müharibə zamanı həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə bu xüsusi təqvimin yaranmasından və sərginin əhəmiyyətindən bəhs edən Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov Holokost faciəsi zamanı dağ yəhudilərinin üzləşdikləri çətinliklər və onlara qarşı törədilən qətliamların icmanın tarixində və həyatında dərin və silinməz iz qoyduğunu bildirib. O, qələbənin və qurtuluşun böyük qurbanlar bahasına başa gəldiyini qeyd edərək bu tarixin daim yaddaşlarda saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
İqor Şaulov tolerantlığı və multikulturallığı ilə dünya üçün bir nümunə olan və antisemitizmə qarşı çıxan Azərbaycanda uzun illər müxtəlif xalqların və dinlərin dinc və qarşılıqlı hörmət şəraitində yaşadığını, bu nizamın qorunub saxlanılmasında ölkə başcısı Prezident İlham Əliyevin və Azərbaycan xalqının böyük əməyinin olduğunu qeyd edib.
Sərgidə çıxış edən İsrailin Azərbaycandakı səfiri Corc Dik son illər dünyada ekstremizm və antisemitizm nümunələrinin yenidən baş qaldırdığını vurğulayaraq bunun nəinki yəhudi xalqı, dünya üçün yeni təhlükələr yaratdığını bildirib. Səfir faciəvi tarixin bir daha təkrarlanmaması üçün dünyada yaşayan yəhudilərin birlik nümayiş etdirməsinin önəmini qeyd edib və yəhudi xalqının dünyada hər zaman sülh tərəfdarı olduğunu vurğulayıb. Corc Dik sərginin ortaq tarixi xatırlatma və gələcək nəsillərin maarifləndirilməsi baxımından əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Sərgidə iştirakçılar muzeydə qorunub saxlanılan nadir eksponatlarla və fotoşəkillərlə tanış olub, ziyarətçilərə eksponatlar vasitəsilə icmanın tarixi, mədəni irsi və muzeyin bu irsin qorunmasında oynadığı rol barədə ətraflı məlumat təqdim olunub. Həmçinin Qırmızı Qəsəbəyə bələdçilərin müşayəti ilə ekskursiya təşkil edilib.
Milli.Az