Dadlı qarpızı necə seçək?

27 May 2025 17:24

Yay aylarının ən çox sevilən və təlabat görən meyvələrindən biri olan qarpız artıq bazarlarda satışa çıxarılıb. Lakin bu şirin meyvənin dadlısını seçmək hər zaman asan olmur. Alıcılar bəzən xarici görünüşə aldanaraq dad baxımından zəif qarpızlarla qarşılaşa bilirlər.

Bəs dadlı qarpızı necə seçək? 

Milli.Az xəbər verir ki, qarpız alarkən əvvəlcə qarpızın alt hissəsinə diqqət yetirmək lazımdır. Bu hissədə olan sarı ləkə yerə toxunan tərəfdir və onun tünd sarı, bəzən narıncı rəngdə olması meyvənin günəş altında yetişdiyini göstərir. Solğun və ağ ləkə isə qarpızın tez yığıldığına və tam yetişmədiyinə işarədir.

İkinci əlamət isə qabığın rəngidir. Parlaq və təravətli görünən qarpız əslində tez yığılıb və içərisi hələ şirinləşməyib. Ən yaxşısı, mat və tünd yaşıl qabığa malik, üzərində torvari naxışlar olan qarpızlardır.

Qarpıza barmaqla yüngülcə vurduqda çıxan səs də çox önəmlidir. Əgər çıxan səs boğuq və dərin olarsa, bu onun yetişmiş və şirin olduğunu göstərir. Əks halda, çıxan cingiltili və boş səslər qarpızın ya hələ yetişmədiyini, ya da içinin boş ola biləcəyini bildirir. Qarpızın saplağına da diqqət yetirmək lazımdır. Qurumuş və bükülmüş saplaq o deməkdir ki, meyvə təbii şəraitdə, tam yetişənə qədər torpaq üzərində saxlanılıb. Yaşıl və təzə saplaqlar isə meyvənin vaxtından əvvəl dərildiyinə işarədir.

Bu sadə üsulları yadda saxlamaqla həm pulunuza, həm də dad seçiminizə uyğun qarpız almaq mümkündür. Satıcılar da bildirirlər ki, düzgün seçilmiş qarpızlar alıcının məmnuniyyətini artırır və tələbatı da artırır.

Aysel Əkbər
Milli.Az