Ot tədarükü mövsümündə həm alıcılar, həm də satıcılar çətinlik çəkir. Bazarda qiymətlərin dəyişməsi mal qara saxlayanların işini çətinləşdirib.
Milli.Az xəbər verir ki, fermerlər ötən illə müqayisədə bu il otun qiymətində ciddi fərqin olduğunu deyirlər. Onların sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il ot daha çox xərc tələb edir. Keçən il bu vaxtı təbii otun qiyməti 2 manat, indi isə keçən ilki qiymətdən 1.50 qəpik bahadır:
"Ot bahalaşırsa, bu ətin qiymətinə də təsir edə bilər. Çünki heyvanı bəsləyən otdur. Ot qalxıbsa, ət necə qalxmasın?" - deyə yerli sakinlər narazılıq edirlər.
Məsələ ilə bağlı aqrar məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirir ki, bahalaşmanın yağıntıların intensiv olması ilə əlaqəlidir:
"Bu mövsüm otla bağlı ilkin gözləntilər tam başqa idi. Yəni bahalaşmanın olacağı gözlənilmirdi. Yağıntılara görə məhsulların yararsız hala düşməsi ilə bahalaşma özünü göstərdi. Bu il nəzərə alsaq ki, bundan sonrakı növbəti dönəmlərdə yonca biçimlərinin həcmi artıq istehsalın həcmi suya bağlıdır. Yonca daha çox su istəyən bitkidir. Bu il kifayət qədər yağıntı olduğu üçün yoncanın bol olması gözlənilir".
Ekspert qeyd edir ki, otun bahalaşması təkcə kənd təsərrüfatına deyil, ərzaq bazarına da öz təsirini göstərəcək.
Aysel Əkbər
Milli.Az