"Bir dənə çay verərsən" sualı ilə məşhurlaşan şəxs mənə 180 min manat ziyan vurub"

26 May 2025 21:36

Son vaxtlar Azərbaycanda "investisiya" dələduzluğu artmaqdadır. Redaksiyamıza müraciət edən vətəndaşlardan biri "Forex investisiyası" adı altında aldadıldığını iddia edir. Şikayətçinin sözlərinə görə, onu aldadan şəxs "Bir dənə çay verərsən?" sualı ilə tanınan Elnur Xəlilovdur.

Oxu.Az-a danışan şikayətçi Kamran Nizami oğlu Salayev bildirir ki, uzun müddət dostluq etdiyi Elnur Xəlilov ona ümumilikdə 180 min manat maddi ziyan vurub.

Vətəndaşın sözlərinə görə, E.Xəlilov özünü ona "təcrübəli investor" kimi təqdim edib:

"Təxminən dörd-beş ildir, onunla tanışıq. Mənə dedi ki, "Forex" bazarı ilə məşğuldur və yatırım edərək birgə gəlir əldə edə bilərik. Evimi satmışdım, ilk olaraq ona 70 min manat verdim. Daha sonra fərqli vaxtlarda əlavə pullar da verdim. Ümumilikdə, 180 min manat vəsaitimi mənimsədi".

Kamran Salayev qeyd edib ki, Elnur Xəlilov hər ay ona 3 500 - 4 000 manat gəlir vəd edib, lakin vədin əksinə olaraq, ayda 800 manat olmaqla, 10 ay ərzində cəmi 8 min manat ödəyib:

"Mən kapitalı artırmaq üçün gəliri götürməyib pulumu sistemdə saxlayırdım. 2025-ci ilin yanvar ayının 9-dan bu günə qədər Elnur Xəlilovla heç bir əlaqə qura bilmirəm. Nə zənglərə cavab verir, nə də ortada görünür".

Şikayətçi bu məsələdə tək olmadığını, Elnur Xəlilovun eyni metodla başqa vətəndaşlardan da pul topladığını bildirib:

"Mənimlə birlikdə bir neçə dostum da Elnura pul verib. Bizim verdiyimiz ümumi məbləğ 1 milyon 300 min manat civarındadır. Amma mənim məlumatıma görə, Elnur Xəlilov ümumilikdə 5-6 milyon manat civarında vəsait toplayıb".

Zərərçəkmiş şəxs bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə yazılı müraciət etdiyini və şikayətinin Bakı Şəhər Baş Polis İdarəsi vasitəsilə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə yönləndirildiyini qeyd edib:

"İndiyə qədər heç bir nəticə yoxdur. Heç kim suallarıma cavab vermir".

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşların şikayətləri əsasında ərazi polis orqanında araşdırma aparılır.

Milli.Az