Silsilə dələduzluq edən Rəfail Əsgərov ələ keçdi - VİDEO - FOTO

26 May 2025 21:26

Bakının Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadıb, pul vəsaitlərini ələ keçirib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırma aparılır.

R.Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Milli.Az