Paşinyana meydan oxudular: İrəvanda "siyasi ölü"lər canlanmaq istəyir

24 May 2025 09:45

Ermənistanın daxili siyasəti sanki absurd məzhəkə səhnəsinə çevrilir. Səhnəyə çıxanlar yenidən köhnə aktyorlardır - bu dəfə başqa maskalarla, amma eyni sifətlərlə. Onların arxasında isə yalnız məğlubiyyətlərin, xəcalətin və itirilmiş nəslin kölgələri dayanır. Sanki nə 2016-cı, nə də 2020-ci il olub. Sanki İrəvan artıq gələcəyini itirmiş bir ölkənin paytaxtı deyil.

Müxalifətin "beyni"ni isə yenə də keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarqsyan təşkil edir. Onların ambisiyası bəllidir: yenidən hakimiyyətə qayıtmaq. Amma bunun üçün seçdikləri üsullar, deyəsən, xüsusi laboratoriyada hazırlanıb. Ermənistan cəmiyyətində etimad böhranı, siyasi parçalılıq və beynəlxalq təzyiqlərin fonunda bu revanşistlər reallığı saxtalaşdırmaqla məşğuldurlar. Süni "təhlükə" yaratmaq, cəmiyyəti qorxu ilə yönəltmək, hazırkı hökumətin hər addımını ləkələmək - bu gün onların əsas silahı sadalanan məqamlardır.

Əslində, İrəvanda yaşananlar postsovet məkanında hakimiyyəti itirən siyasətçilər üçün təzə taktika deyil. Ancaq Ermənistan üçün bu, təkcə daxili xaosa deyil, həm də xarici arenada mövqelərin itirilməsinə aparan yol deməkdir. Danışıqlar masasında İrəvanın hər bir titrəyişi - Bakının xeyrinə işləyir.

Serj Sarqsyan yenə danışmağa başlayıb. Yox, xalq qarşısında üzr istəmir - sadəcə, həmişəki kimi, çərənləyir. Onun son bəyanatı isə daha çox köhnə demaqoqların "apokaliptik təqvimi"nə bənzəyir: "Bir, iki ya üç aya Ermənistanın hansısa ərazisi Azərbaycana veriləcək..." - vəssalam. Nə ad çəkilir, nə də mənbə göstərilir. Sadəcə "hansısa ərazi", "bəlkə də" və bir də - təbii - cəmiyyətin əsəbləri ilə oynamaq cəhdi.

Adi isterika deyil. Bu, köhnə siyasi oyunbazların quraşdırdığı təxribat maşınıdır. Sarqsyan fakt təqdim etmir, sadəcə informasiya kölməçəsi yaradır. Klassik qumarbaz üsuludur: əlin boşdursa, elə göstər ki, guya qəsdən susursan və "kozır"ını hələ açıqlamırsan.

Əslində, Ermənistanı bugünkü vəziyyətə gətirən də məhz elə bu duet - Sarqsyan-Köçəryan tandemi olub. Onlar ölkəni militarist, kriminal keçmişli generallarla doldurub, Qarabağı siyasi mifologiyanın betonuna salaraq bütün bir nəsli zəhərləyiblər. Onların dövrü - nəğmələr fonunda korrupsiya, təhdidlər üzərində qurulan diplomatiya, vətənpərvərlik adı altında xalqa yalan danışmaq dövrü idi.

Bu gün Ermənistan sülhə doğru, çətin də olsa, bir yol seçib. Amma həmin bu revanşistlər yenidən dövrəyə giriblər - nə planla, nə məsuliyyətlə, sadəcə qorxutmaqla. Yenə də köhnə ritorika: "Ərazi itkisinin qarşısını almasaq, özümüzü ittiham edəcəyik?", - deyə Sarqsyan soruşur. Əslində, bu sual deyil, təlimatdır: qorx, şübhə et və düşmən axtar. Məqsəd - yenidən sükan arxasına keçmək.

Robert Köçəryan da "dəstədən" geri qalmır. O, son çıxışında Sarqsyanın komandasını açıq-aşkar gözdən salır: "Layiq namizəd tapa bilmirlər" deyir. Öz ambisiyalarına qapılıb, siyasi cazibədən uzaq olan Köçəryan artıq heç nəyi gizlətmir. Amma bu cütlük artıq "vahid müxalifət" deyil, sıradan çıxmış plastinka kimidir - hərəsi öz "mahnı"sını çalır, ikisi də siyasi ölü, siyasi təlxək.

Sarqsyanın çıxışları, ümumilikdə Ermənistan siyasi səhnəsində populizmin pik nöqtəsidir. Cəmiyyətə guya "gizli sövdələşmə" olduğu fikrini təlqin etmək, sülh danışıqlarına olan inamı dağıtmaq, əslində, 2000-ci illərin o qorxulu doktrinasına - "müharibə ilə hakimiyyətin legitimləşdirilməsi" formuluna qayıdış cəhdidir.

Danışıqları daxili siyasi alverin predmetinə çevirmək - bu, dövlətçilik anlayışına xəyanətdir. Halbuki Azərbaycan tərəfi konkret və açıq dialoqu, hüquqi təminatları və revanşist hüquqi çərçivənin ləğvini tələb edir. Elə buna görə də Bakı Ermənistanın konstitusiya islahatları məsələsində bu qədər qətiyyətlidir. Çünki bu ölkədə hələ də ərazi iddialarının kölgəsi dolaşırsa, heç bir sülh - real deyil.

Sarqsyan və Köçəryan xaosa bel bağlayırlar. Onların dərdi Ermənistan deyil - onların dərdi böhrandır. Çünki sabitlik şəraitində onlar yoxdurlar. İslahatlar mühitində - onlar tarixdir. Sülh şəraitində isə - məğlubiyyətin simvoludurlar.

Tavuş ətrafında aparılan manipulyasiyalar da bu mənzərənin bir parçasıdır. 2020-ci ilin payızında İrəvan post-sovet zehniyyətli generalların təhriki ilə sərhəd təxribatlarına əl atdı. Bakı isə sözlə deyil, əməliyyatla cavab verdi. Beləcə, İkinci Qarabağ Müharibəsi başlandı və Ermənistanın hərbi konsepsiyası darmadağın oldu. Amma nəticə çıxarmaq əvəzinə - yenə ittihamlar, yenə nağıllar.

Ermənistanın siyasi iflasını, Köçəryan-Sarqsyan dövrünün beş strateji tələsini xatırlayaq:

1. Xarici siyasətdə təcrid: Ermənistanın dalana dirənməsi. 1999-2018-ci illər ərzində Ermənistanın xarici siyasəti, yumşaq desək, "təkbaşına ayaqda qalma" doktrinasına bənzəyirdi. Hərçənd ki, İrəvan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü idi, bu qurumlarda belə ciddi müttəfiqlik münasibətləri qurulmadı - nə Rusiya ilə, nə də Qərblə.

"Nə müharibə, nə sülh" formuluna əsaslanan siyasət elitalara Qarabağda status-kvonu qorumağa imkan versə də, Ermənistanı beynəlxalq siyasi sistemdə tam marginal vəziyyətə salmışdı. Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) hesablamalarına görə, 2000-2015-ci illər ərzində Ermənistanın adambaşına düşən G7 ölkələrindən aldığı sərmayə həcmi Gürcüstandan 4 dəfə, Azərbaycandan isə tam 10 dəfə az olub.

Qısası, Köçəryan-Sarqsyan siyasəti ölkəni dondurdu. Xarici siyasət inkişafın deyil, torpaq saxlamağın xidmətinə verilmişdi. Amma XXI əsrdə diplomatiyasız, iqtisadiyyatsız, daxili islahatsız torpaq saxlamaq - xəyaldan başqa bir şey deyil.

2. Dağılmış institusional mühit: kadrlar yox, qohumlar. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə Ermənistan artıq xroniki institusional kollaps vəziyyətində idi. Kadr siyasəti sadiqlik və "hemşerilik" prinsipi ilə idarə olunurdu, nəticədə isə nepotizm və peşəkar səviyyəsizlik sistemin əsasını təşkil edirdi.

Təkcə Sarqsyan dövründə (2008-2018) hökumət 9 dəfə "yenidən formatlanıb", amma bir dəfə də olsun məhkəmə, vergi, hüquq-mühafizə və təhsil sistemlərində real islahat aparılmayıb. Əvəzində, idarəetmə imitasiya olunurdu. Transparency International-ın 2017-ci il hesabatına görə, Ermənistan korrupsiyanın qəbul indeksi üzrə 107-ci yeri tuturdu - nəinki Gürcüstandan (46-cı yer), hətta postsovet ölkələrinin əksəriyyətindən geridə idi.

Köçəryandan miras qalmış və Sarqsyanın dövründə dərin durğunluğa sürüklənmiş idarəetmə modeli - saxta vitrinli bir avtoritar rejim idi. Nə parlament, nə məhkəmə, nə də ordu və təhlükəsizlik qurumları - heç biri müstəqil fəaliyyət göstərmirdi.

3. Əhalinin kütləvi köçü: dəyişiklik ümidi olmayan ölkə. Demoqrafik göstəricilər bu mənzərəni daha da dramatikləşdirir. BMT-nin məlumatına görə, 2000-2020-ci illər arasında Ermənistan əmək qabiliyyətli əhalisinin 550 min nəfərdən çoxunu itirib. İnsanların ölkədən çıxmasının səbəbi təkcə iqtisadi yoxsulluq deyildi - əsas səbəb Ermənistan daxilində dəyişiklik ümidi qalmaması idi.

2000-ci illərin əvvəlində pafosla elan olunan "repatriasiya proqramları" isə, sadəcə, kağız üzərində qaldı. Son 18 il ərzində miqrasiya orqanları bir dəfə də olsun müsbət saldolu köç balansı qeydə almamışdı. İnsanlar gedirdi - və qayıtmırdı. Bu isə xalqın o dövrün idarəçilik modelinə olan dərin inamsızlığını açıq göstərir.

4. Siyasi müxalifətdə təkamül yoxluğu: köhnə üzlər, kiflənmiş şüarlar. Bütün bu fiasko fonunda gözlənilən o idi ki, keçmiş prezidentlər yeni dövrə uyğunlaşmaq, siyasi yanaşmalarını yeniləmək və müasir siyasi səhnədə yer almaq üçün ideoloji dəyişikliklər edəcəklər. Amma olmadı.

"Ermənistan" bloku elə köhnə xətti davam etdirdi: Köçəryan - "millətin lideri", Sarqsyan - "dövlətin xilaskarı". Proqram yoxdur, yalnız mitinq çağırışları. Dialoq yoxdur, yalnız "satqın" damğası. Bu isə xüsusilə ironik görünür - çünki bu liderlər 20 il boyunca tənqidi boğaraq, hakimiyyəti faktiki olaraq uzurpasiya etmişdilər.

5. Diasporun dəstəyini itirmiş elitalar: dəyişən nəsil, pisləşən münasibət. Əvvəllər Köçəryan və Sarqsyan Fransadakı, ABŞ-dəki, Livandakı erməni diasporasının müəyyən dəstəyinə arxalana bilirdilər. Amma bu dəstək artıq yoxdur - xüsusən də yeni nəsil arasında.

2024-cü ildə Kaliforniya Erməni Şurasının keçirdiyi sorğuya görə, ABŞ-də yaşayan 35 yaşadək ermənilərin 61%-i Azərbaycanla sülh ideyasını dəstəkləyir - təki Qarabağ ermənilərinə hüquqi və təhlükəsizlik təminatları verilsin. Bu isə o deməkdir ki, köhnə elitalar artıq xaricdən də mənəvi dayaqlarını itirirlər.

Bu arada xatırladaq ki, Bakı ilə İrəvan arasında mümkün sülh müqaviləsi kontekstində ən prinsipial məsələlərdən biri Ermənistan Konstitusiyasının yenidən nəzərdən keçirilməsidir. 2005-ci il redaksiyasında qüvvədə olan əsas qanunun 13-cü maddəsində "Qarabağla birləşmə" dövlətin siyasi prioriteti kimi təsbit olunub. Bu isə, beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü ilə açıq-aşkar ziddiyyət təşkil edir və Azərbaycanın suverenliyinə yönəlmiş bir hüquqi təhdid kimi qəbul olunur.

Bu maddə qüvvədə qaldıqca, Ermənistanın hüquqi bazası BMT-nin tanıdığı sərhədlərlə ziddiyyət təşkil edir. Bu isə Bakı üçün heç də ideoloji boşluq deyil - real və əsaslandırılmış təhlükədir. 1990-cı illərdən tutmuş 2016-cı və 2020-ci illərə qədər baş vermiş münaqişələrin tarixçəsi göstərir ki, belə konstitusion formulalar gələcəkdə "casus belli" (müharibə səbəbi) kimi dəyərləndirilə bilər.

Əslində, Sarqsyan və Köçəryanın ictimaiyyətdə "ərazi verilməsi" panikası yaratmaq üçün qurduqları ritorik mexanizm Ermənistanın sülh prosesinə açıq sabotajıdır. Rəsmi İrəvan beynəlxalq auditoriya qarşısında dialoqu dəstəklədiyini bəyan etsə də, ölkə daxilində bu prosesə qarşı çıxan qrupların fəallaşmasına göz yumulur - ya da bilərəkdən təşviq edilir.

2020-ci ildən sonra Ermənistan silahlı qüvvələrində bir sıra kadr islahatları aparılsa da, təhlükəsizlik sistemində hələ də Köçəryan-Sarqsyan dövründə formalaşmış klanların təsiri hiss olunur. Xüsusilə də, Qarabağ müharibəsində iştirak etmiş sabiq komandirlər və keçmiş rejimlə biznes əlaqələri olan generallar hələ də sistemdə nüfuza malikdirlər.

"International Crisis Group"un 2023-2024-cü illərdəki təhlilinə görə, bu dövrdə "veteran" statuslu hərbi şəxslərin siyasi konsolidasiyasına yönəlmiş cəhdlər qeydə alınıb. "Zabit qardaşlığı" adlandırılan qeyri-formal strukturlar rəsmi təşkilat olmasalar da, revanşist ritorikanın legitimləşdirilməsi üçün alətə çevriliblər. "Milli təhlükəsizlik", "xəyanət riski", "səfərbərlik zərurəti" kimi çağırışlar bu platformalar üzərindən cəmiyyətə ötürülür.

Bu cür paralel hərbi-veteran birlikləri - siyasi sabitlik üçün bir siqnal deyil, təhlükədir. Gürcüstanın 2007-2011-ci illər təcrübəsi göstərdi ki, keçmiş döyüşçülərin siyasi proseslərə cəlb olunması, adətən küçə qarşıdurmaları ilə nəticələnir və ölkənin dövlətçiliyini zəiflədir.

Önəmli amillərdən biri də ictimai rəydir. Burada isə Köçəryan və Sarqsyan üçün vəziyyət heç də ürəkaçan deyil. 2025-ci ilin yanvarında "International Republican Institute" tərəfindən keçirilmiş sorğuya əsasən, respondentlərin cəmi 4 faizi Köçəryanın yenidən hakimiyyətə qayıtmasını, 3 faizi isə Sarqsyanın rolunun bərpasını dəstəkləyir. Müqayisə üçün qeyd edək ki, bütün mübahisələrə baxmayaraq, hazırkı baş nazir Nikol Paşinyanın reytinqi 26 faiz səviyyəsində qalır. Ən maraqlı nəticə isə ondan ibarətdir ki, sorğuda iştirak edənlərin 52 faizi "yeni siyasi qüvvə"yə üstünlük verdiyini bildirib.

Bu rəqəmlər göstərir ki, revanşistlər xalqdan siyasi mandat ala bilməyəcəklərini anlayırlar - ona görə də konstruktiv siyasət yox, qorxu üzərindən mobilizasiya taktikasına müraciət edirlər. "Əgər seçilmək mümkün deyilsə, xaosla qayıdaq" - bu, onların təkcə qeyri-demokratik, həm də təhlükəli yanaşmasının xülasəsidir.

Ermənistanla Azərbaycan arasında postmünaqişə dövrünün siyasi quruculuğu hələ kövrək mərhələdədir. Bu səbəbdən revanşist ritorika təkcə İrəvanın daxili sabitliyinə zərbə vurmur, eyni zamanda bütün Cənubi Qafqazda təhlükəsizlik memarlığını sarsıdır.

Əgər Ermənistan siyasi-hüquqi sistemində islahat aparmasa, 1998-2018-ci illərin hərbi-siyasi klanlarını tam neytrallaşdırmasa və revanşizmi ideoloji xətt kimi arxivə göndərməsə - istənilən sülh razılaşması uzunömürlü olmayacaq. Bu reallığı həm Bakı, həm də danışıqlarda vasitəçi olan beynəlxalq qurumlar anlayır.

Ermənistan müxalifətinin davranışını təkcə "daxili mübarizə" kimi qiymətləndirmək yanlış olar.

Bu - siyasi rücu, dövlətə qarşı çıxış, regionun gələcəyini sabotaj etmək cəhdidir.

Və bu təhdid yalnız azərbaycanlılara deyil - ermənilərin özlərinə qarşı da yönəlib.

Çünki revanşistlərin bəhs etdikləri "keçmiş" sadəcə itirilmiş fürsətlərin deyil, yeni fəlakətlərin ünvanıdır.

Elçin Alıoğlu
TREND