Ermənistanın dərdi var, Ermənistan xəstədir...

23 May 2025 12:12

Yaya doğru Ermənistan bir daha geosiyasi burulğanın episentrinə çevrilir - irəliləyişin deyil, daxili ziddiyyətlərin, tarixə qapılmış xəyalların və yerinə yetirilməmiş öhdəliklərin mərkəzinə. İrəvan, keçmişlə gələcəyin arasında qurulmuş kövrək körpüdə balans saxlamağa çalışan bir ölkəni xatırladır: bir tərəfdə sülhə hazır olduqlarını bəyan edən siyasi ritorika, digər tərəfdə isə artan cinayətkarlıq, ideoloji parçalanma və revanşist çağırışların gündəmi diktə etdiyi reallıq dayanır.

Ermənistan - xəstəliyindən qurtulmaq istəyib, amma onu buraxmaqdan qorxan bir adam kimidir. Sözlərlə əməllər arasında olan bu uyğunsuzluq çağdaş erməni böhranının tam nüvəsidir. Beynəlxalq ictimaiyyətin səbir kasası dolur: imitasiya olunmuş islahatlar, sonsuz danışıqlar dövrü bitir. İndi aydınlıq tələb olunur. Məhz bu nöqtədə biz soruşmalıyıq: niyə Ermənistan bu tarixilik döngəsindən çıxa bilmir? Siyasi passivlikdən tutmuş konstitusion çıxılmazlığa, xarici təsirlərdən tutmuş cəmiyyətin şüur iflicinə qədər bütün baryerlərə nəzər salaq.

Halonki Ermənistanda cinayətkarlıq artır. Rəsmi rəqəmlər ilk baxışda sakitlik vəd edir. Ermənistan Baş Prokurorluğunun 2024-cü il hesabatına görə, qeydiyyata alınmış ümumi cinayət sayı cəmi 1,1% azalıb. Amma bu statistik sakitlik fonunda struktur dəyişiklikləri narahatvericidir: xüsusilə ağır cinayətlərin sayı 25,1% artıb. Buraya qəsdən adam öldürmə, öldürməyə cəhd, təcavüz, işgəncə kimi cinayətlər daxildir.

Ən pis göstəricilərdən biri - insan alveri ilə bağlı cinayətlərin 89,5% artmasıdır. Bu, həm sosial mühitin ciddi şəkildə pisləşməsinə, həm də təşkilatlanmış cinayət şəbəkələrinin möhkəmlənməsinə işarə edir. Eyni zamanda, cinsi toxunulmazlığa qarşı cinayətlər 11,9%, narkotik qaçaqmalçılığı isə düz 111,4% artıb. Bu rəqəmlər açıq şəkildə göstərir ki, Ermənistan hüquq-mühafizə orqanları baş verənləri nə nəzarətdə saxlaya, nə də qarşısını ala bilir.

Siyasi motivli cinayətlər də artır: müxalifət nümayəndələrinə hücumlar, aktivistlərə qarşı təzyiqlər, radikal ritorikanın medianı və sosial şəbəkələri bürüməsi adi hala çevrilib. Revanşizmə can atan çevrələr bu ritorikanın əsas generatorlarıdır.

Baş nazir Nikol Paşinyanın "açıq üfüqlər" strategiyası və sülh çağırışları fonunda Ermənistan cəmiyyətinin düşüncə dünyası tamam başqa mənzərə ortaya qoyur. MPG/Gallup-un bu ilin martında keçirdiyi sorğuya görə, respondentlərin cəmi 10,2%-i Azərbaycanla yekun sülh sazişini dəstəkləyir. Bu rəqəm təkcə statistik göstərici deyil - bu, dərin ideoloji böhranın simptomudur.

Respondentlərin əksəriyyəti istənilən güzəştlərə qarşı çıxır, "Qarabağın qaytarılması" ideyasını dəstəkləyir - yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanımaqdan imtina edir. Bu mövqe təkcə BMT Nizamnaməsinə deyil, həm də sülh danışıqlarının təməl prinsiplərinə ziddir.

Burada məsələ konkret siyasi qərarlara qarşı çıxmaqdan daha dərindir - bu, mifləşdirilmiş və qəhrəmanlaşdırılmış keçmişə bağlanmış kollektiv psixoloji vəziyyətdir. "Tarixi ədalət" anlayışı Ermənistanın ictimai şüurunda o qədər yeridilib ki, Qarabağ onlar üçün real geosiyasi reallıq yox, bir növ "müqəddəs missiya" kimi təqdim olunur. Bu ideyalar nə sənədlə, nə arqumentlə dəyişdirilə bilir - onlar təhsil sistemindən tutmuş medianın gündəminə, ailə yaddaşından tutmuş siyasi ritualara qədər hər yerə nüfuz edib.

Bu da azmış kimi, revanşist ritorika cəmiyyətin içindən gələn spontan bir dalğa deyil - onu sistemli şəkildə bəzi dairələr körükləyir: keçmiş hərbçilər, radikal partiyalar, xüsusilə də Fransada və ABŞ-da yerləşən erməni diaspor təşkilatları. Məzkur dairələr Ermənistan məsələsini bölgədəki aktorlara təzyiq vasitəsi kimi istifadə edir və diplomatiya yerinə emosional manipulyasiya metodlarını üstün tuturlar.

Onların ritorikasında mütəmadi şəkildə beynəlxalq hüquqa zidd bəyanatlar səslənir: sərhədlərin tanınmaması, digər dövlətlərin daxili işlərinə qarışmağın normallaşdırılması və zorakılığın "ərazi itkisinin bərpası" üçün legitim vasitə kimi təqdim edilməsi.

Belə fonda Ermənistan cəmiyyətini daxildən deşən, bir o qədər də təhlükəli bir mexanizm var: Qərbyönlü QHT-lərin şəbəkəsi. Onlar hüquq müdafiəsi adı altında siyasi manipulyasiya ilə məşğuldurlar, cəmiyyətdə kompromisə qarşı ifrat şübhə və "satqınlıq" psixozu formalaşdırırlar. Onların başlıca narrativi budur: əgər Ermənistan Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tanıyarsa, bu, xalqın və tarixin xəyanəti olacaq. Bu "daimi günah" doktrinası erməni xalqına qarşı deyil, əslində sülhə qarşı istifadə olunur - silahlanmış ideoloji manipulyasiya alətidir.

Ermənistan cəmiyyətinin düşüncə tərzi bu gün klinik psixologiyada "itirilmənin ilk mərhələsi" sayılan - inkar fazasında ilişib qalıb. Ölkə müharibədə məğlub olub, amma bu məğlubiyyəti nə etiraf edib, nə də qəbul. Münaqişə bitib, amma cəmiyyətin şüurunda sülh sadəcə düşmənə edilmiş müvəqqəti güzəşt kimi qavranılır. Bu düşüncə tərzi dəyişmədikcə, istənilən real sülh təşəbbüsü içəridən müqavimətlə üzləşəcək.

Bu status-kvo təkcə Ermənistanın xarici siyasətini deyil, bütövlükdə dövlətçilik modelini də iflic vəziyyətinə salır. Belə bir ortamda hüquqi islahat, institutların yenilənməsi və iqtisadi açılım qeyri-mümkündür. Keçmişdə yaşayan dövlət gələcəyi dizayn edə bilməz. Revanşa ümid bəsləyən dövlət isə inkişaf üçün sərmayə qoymaz.

Ermənistanın ehtiyacı kosmetik "makiyaj" deyil - bu ölkəyə fikir inqilabı lazımdır. Elə bir inqilab ki, mifləri dağıtsın, siyasi dilə hopmuş yalanı və pafosu təmizləsin, cəmiyyətə isə gerçəkliyi ayıq dəyərləndirmə gücünü geri qaytarsın. Əks halda, Ermənistan daim öz tarixinin - qəhrəmanlıqla romantizasiya edilmiş, lakin gələcəksiz - əsarətində qalacaq.

Bu ilin martı Ermənistan-Azərbaycan danışıqlarında həlledici məqam oldu - amma bu, irəliləyiş yox, "gerçəkliklə üzləşmə anı" idi. Tərəflər illərlə bağlı qapılar arxasında hazırlanmış sülh sazişinin mətni üzərində razılığa gəldilər. Amma bu sənəd, gözlənildiyinin əksinə olaraq, münaqişəyə nöqtə qoymaq əvəzinə, Ermənistanın daxili təzadlarını bir daha qabartdı. Prosesin qarşısını alan nə hərbi, nə də diplomatik baryer idi - hüquqi və ideoloji tıxac idi: Ermənistanın Konstitusiyası.

Əvvəlcə bu, formal maneə kimi görünə bilər. Amma reallıqda əsas qanundakı ifadələr siyasi iradənin həyata keçməsinə əngəl törədir. Mövcud Konstitusiya hələ də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar daşıyır. Xüsusilə də "Ermənistanın Qarabağdakı erməni əhalisinin taleyinə görə məsuliyyət daşıması" ilə bağlı qeydlər - bu, beynəlxalq hüquq və BMT Nizamnaməsinə tam ziddir. Bu müddəalar dəyişdirilmədikcə, istənilən sülh sazişi hüquqi baxımdan qüvvəsiz qalacaq.

Yəni Ermənistan seçim qarşısındadır: ya Konstitusiyanı dəyişib sazişlə hüquqi uyum yaradır, ya da sənəd kağız üzərində qalır - gözəl, razılaşdırılmış, amma icra olunmayan bir fantaziya.

Bu məqamda real mübarizə başlayır - hüquqi texnika ilə siyasi iradə arasındakı qarşıdurma. Paşinyanın 2025-ci ilin aprelində "sazişi imzalamağa hazırıq" və "ATƏT-in Minsk Qrupu artıq aktual deyil" tipli açıqlamaları diplomatik jest kimi xarici auditoriyaya yönəlik idi. Amma bu bəyanatın arxasınca real addımlar gəlmədi: nə Konstitusiyada dəyişiklik prosesi başlandı, nə hüquqi müşayiət qrupu yaradıldı, nə də cəmiyyət bu dəyişikliklərə psixoloji baxımdan hazırlanmağa başladı.

Nəticə? Bu boşluq dərhal "sülhün düşmənləri" tərəfindən dəyərləndirildi. Revanşistlər, müxalif bloklar və radikal qruplar yaranmış pauzanı fürsətə çevirib meydanı ələ keçirdilər. "Milli xəyanət" və "Bakı diqtəsi" şüarları ilə cəmiyyətdə etiraz enerjisini səfərbər etməyə başladılar. Paşinyan hökumətinin qərarsızlığı və ardıcıl olmayan siyasəti prosesin strateji zəif nöqtəsinə çevrildi - bu zəiflik dərhal sabotaj maraqlılarına iş verdi.

Bununla yanaşı, hüquqi prosedurların mürəkkəbliyi də az rol oynamır. Konstitusiyanı dəyişmək təkcə parlamentdə qanun layihəsi qəbul etmək deyil - bu, referendumu və ya Konstitusiya Məhkəməsinin qərarını da əhatə edən çoxmərhələli bir prosesdir. Bunun üçün isə vaxt, resurs və ən əsası, aydın siyasi vizyon və geniş ictimai dəstək lazımdır. Bu gün Ermənistan nə birinə, nə də digərinə sahibdir. Elita arasında bu məsələdə vahid fikir yoxdur, cəmiyyət isə qorxu və ümidsizlik arasında tərəddüddədir.

Ortaya paradoksal bir vəziyyət çıxır: Ermənistan guya sülhə hazırdır, amma bu sülhün nəticələrini qəbul etməyə hazır deyil. 1991-ci ildən bu yana formalaşmış erməni dövlətçiliyi özünü istisnalıq, məğlubiyyət kultu və ərazi iddiaları üzərində qurub. Gerçək sülh üçün təkcə bir neçə maddəni dəyişmək yetməyəcək - bütöv bir ideoloji və hüquqi konstruksiya sökülməlidir. Bu isə Paşinyan üçün siyasi cəsarət, erməni cəmiyyəti üçün isə tarixi özünüdərk tələb edir.

Əgər bu transformasiya baş verməzsə, sülh sazişi yalnız gözəl niyyət bəyanatı olaraq qalacaq. Hətta imzalanmış sənəd belə daxili hüquqi və ideoloji dəyişikliklərlə müşayiət olunmasa, yeni qarşıdurma üçün bəhanəyə çevrilə bilər. Tarix dəfələrlə göstərib: davamlı sülh yalnız daxili səmimiyyət üzərində qurula bilər. Ermənistan isə bu sınaq qarşısında dayanıb - sözlə deyil, gerçək dəyişikliklərlə tarixə cavab verməli olduğu anda. Bu, təkcə Ermənistanın gələcəyi deyil, bütöv regionun sabitliyi üçün verilməli olan qərardır.

Cənubi Qafqazla bağlı Qərbin - xüsusilə də Avropa İttifaqının - artan marağını nə altruizm, nə də humanist missiya ilə izah etmək olar. Bu, soyuq siyasi hesablamadır: qlobal təsir zonalarının yenidən bölündüyü çağımızda Avropa ilə Asiyanın kəsişməsindəki qeyri-sabitlik domino effekti ilə nəinki Ermənistan və Azərbaycanı, həm də Gürcüstanı, İranı və bütövlükdə Avrasiya balanslarını silkələyə bilər. Məhz bu konteksdə yüksəkçinli Qərb rəsmilərinin son çağırışları oxunmalıdır: regionda sülh təkcə humanitar məsələ deyil, həm də geostrateji prioritetdir.

ABŞ dövlət katibi Marko Rubio 2025-ci ilin mayında Vaşinqtonun mövqeyini son dərəcə açıq şəkildə ifadə etdi: "Ermənistan və Azərbaycan arasında danışıqların uzanması Qara dənizdən Fars körfəzinə qədər regionu destabilizasiya edə biləcək yeni qarşıdurmaya yol aça bilər." Bu bəyanatın arxasında yalnız diplomatik narahatlıq yox, konkret hərbi-strateji təhlillər dayanır. Pentaqon İranın region ölkələri ilə yaxınlaşmasından və Rusiyanın "təhlükəsizlik" bəhanəsi ilə Ermənistanda möhkəmlənməsindən açıq narahatdır. ABŞ strateqləri başa düşür ki, Cənubi Qafqazda hər hansı lokal münaqişə sadəcə humanitar böhran deyil, bütöv təhlükəsizlik arxitekturasının yenidən qurulmasına səbəb ola bilər.

Daha az diqqət çəkmiş, amma bir o qədər prinsipial bir mövqe isə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stano tərəfindən səsləndirildi: "Sülh prosesi təkcə siyasi iradəyə deyil, Ermənistan cəmiyyətinin şüurunda islahata söykənməlidir." Bu, Brüssel diplomatiyasının nadir hallarda icazə verdiyi bir səmimiyyət idi. Çünki problem, əslində, Ermənistan cəmiyyətinin dərin qatlarına işləyib: istisnalıq kompleksi, qurban psixologiyası və "itirildiyin qaytarılması" illüziyası rəsmi sənədlərlə deyil, ancaq ideoloji terapiya ilə dəyişdirilə bilər.

Ancaq bəyanatlarda səslənən bu balanslı mövqe reallıqda ikili standartlarla pozulur. Xüsusilə Fransa və bir sıra Qərbi Avropa ölkələrinin davranışı ziddiyyətlidir. Rəsmi tribunadan sülh çağırışları edilir, sənədlər qəbul olunur, liderlər dialoqa dəvət edilir. Amma paralel olaraq Ermənistan daxilindəki QHT-lərə, mediaya və "mədəni institutlara" milyonlarla avro vəsait axıdılır - və bu strukturların fəaliyyəti sülhü təşviq etmək deyil, onu sabotaj etmək üzərində qurulub.

Bu QHT-lər və platformalar hökuməti Azərbaycanla yaxınlaşma cəhdlərinə görə ittiham edir, bəziləri isə açıq-aşkar Ermənistanın sülh yolunu "xəyanət" kimi təqdim edir. Mediada "Qarabağın satılması", "türk ekspansiyası", "xarici diktat" kimi ritorikalar gündəmə gətirilir. Sülh deyil, təslimiyyət obrazı yaradılır. Üstəlik, bu ritorika gizli deyil - Qərb dairələri tərəfindən maliyyələşdirilən strukturların gündəlik fəaliyyətidir.

Eyni zamanda, bu təşkilatlar içəridəki müxalifətə və ultramillətçi dairələrə mediada və cəmiyyətdə təbliğat platforması yaradır. Beləliklə, Qərbin sülhü dəstəklədiyi görüntüsü fonunda faktiki olaraq revanşizmin institutlaşdırılmış şəkildə dəstəklənməsi baş verir. Bu isə Ermənistanın daxilində real dəyişiklik istəyən siyasi qüvvələrin əleyhinə işləyir və cəmiyyətin ideoloji konsolidasiyasına imkan vermir.

İkiüzlü yanaşma nəticədə Qərbin bölgədə sabitləşdirici yox, qeyri-sabitlik yaradan faktora çevrilməsinə səbəb olur. Ermənistan cəmiyyətinə verilən mesaj belədir: rəsmi sənədlərlə barışmağa çağırsaq da, səni onlardan qoruyacağıq. Bu isə Ermənistanın keçmişdən qurtulub real suverenlik mərhələsinə keçməsinə imkan vermir.

Dayanıqlı sülh yalnız bir halda mümkündür: xarici təzyiqlər və daxili yetkinlik sinxronlaşarsa. Qərb doğrudan da sülh istəyirsə, ikili oyunlara son qoymalı və manipulyasiya alətlərini dayandırmalıdır. Ermənistan isə artıq qərar verməlidir: bu, Qərblə və ya Şərqlə tərəfdaşlıq seçimi deyil - bu, keçmişin illüziyası ilə gələcəyin reallığı arasında tarixi bir seçimdir. Seçim Ermənistanın yalnız özünün deyil, bütün Cənubi Qafqazın taleyini müəyyən edə bilər.

... Ermənistan bu gün elə bir strateji tələdə qalıb ki, buradan çıxmaq yalnız ciddi bir bədəl hesabına mümkündür - ya əsl modernləşmə, ya da tam siyasi özünüdağıtma. Və bu tələ kənardan qurulmayıb, ölkənin özünün yaratdığı illüziyaların, geopolitik səhvlərin və institusional yetkinlik çatışmazlığının nəticəsidir. Bir tərəfdə - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılması kimi həyati vacib bir hədəf dayanır. Digər tərəfdə - revanşizmə hesablanmış ideoloji inersiya və onu qidalandıran - həm Ermənistan cəmiyyətinin dərin frustrasiyası, həm də bölgədə qarşıdurmanı saxlamaqda maraqlı olan xarici aktorların siyasi manipulyasiyası.

Erməni siyasi elitası isə bu dilemmanın önündə iflasa uğrayıb: parçalanmış, nüfuzunu və strateji uzaqgörənliyini itirmiş siyasi təbəqə nə vahid mövqe təqdim edə bilir, nə də real çıxış yolu təklif edir. Dövlət bu gün iki uyğunlaşmaz paradigmanın arasında qalıb: bir tərəfdə - sülhün rasional zərurəti, digər tərəfdə isə - ictimai təxəyyüldə və konstitusiyada kök salmış "böyük Ermənistan" xülyası. Bu qarşıdurma isə siyasi iflicin və ümumi durğunluğun əsas qaynağına çevrilib.

Situasiyanın xüsusilə kritik xarakter almasının əsas səbəblərindən biri isə - Ermənistanın institusional dağılması və ictimai müqavilənin çökməsidir. 2024-cü ildə qeydə alınmış ağır cinayətlərin - o cümlədən insan alverinin 90%-ə yaxın, narkotrafikin isə iki dəfə artması - artıq hüquq-mühafizə orqanlarının sadəcə böhran keçirməsi deyil, dövlətin öz funksiyalarını itirdiyini göstərən ciddi siqnaldır. Dövlətin zor və nizam üzərindəki nəzarətini itirməsi, yerini kriminal və ideoloji radikalizmin tutması - klassik dağılma əlamətidir.

Bütün bunlar fonunda revanşizm - seçmə yaddaş, "milli missiya" mifləri və diasporanın siyasi emosiyalarla qidalanan impulsları üzərində qurulmuş surroqat ideologiyaya çevrilib. Bu ideologiya nə iqtisadi proqramı, nə sosial ədalət diskursunu əvəz edə bilir. Yalnız bir məqsədi var - "itiriləni qaytarmaq". Amma bu ideya keçmişə aid deyil - bu gün işləyir və gerçəkliyi təhrif edir. Ermənistan cəmiyyətində sülhə doğru atılan istənilən addım "xəyanət" kimi damğalanır. Münaqişə isə daxili mobilizasiya üçün istifadə olunan alətə çevrilir.

Əgər Ermənistan bu köhnəlmiş və məhvə aparan ideoloji arxitekturanı söküb dağıtmasa, yalnız şüarlar və kosmetik dəyişikliklərlə kifayətlənsə, sülh və davamlı inkişaf üçün tarixi şans əldən çıxacaq. Bu transformasiyanın üç əsas sütunu olmalıdır:

1. Münaqişədən siyasi alət kimi istifadə etməkdən tam imtina;

2. Hüquqi islahatlar, xüsusən də konstitusiya leksikonunun fundamental şəkildə dəyişdirilməsi;

3. Milli tarix konsepsiyasının yenidən işlənməsi - çünki bu gün tarix əyri bir güzgüdür və bu güzgü cəmiyyətin dünyadakı real mövqeyini görməsinə imkan vermir.

Bütün bunlar isə qlobal kontekstdə baş verir - Cənubi Qafqaz artıq periferik zona deyil. Region bu gün Türkiyə, Rusiya, İran, Çin, ABŞ və Avropa İttifaqının maraqlarının kəsişdiyi geosiyasi mərkəzdir. Müttəfiqlərin dəyişdiyi, diplomatiyanın daha sərt və praqmatik fazaya keçdiyi bir dünyada zaman, sadəcə sürətli deyil - qəddar işləyir. Gecikənlər tarix qarşısında məsuliyyət daşıyır, və bu məsuliyyət artıq rəmzi yox, egzisensial xarakter daşıyır.

Ermənistanın qarşısında bu gün açıq bir seçim var: ya sülh strategiyası olan, institusional dayanıqlığa malik və tarixi məsuliyyət hissi ilə davranan yetkin bir dövlətə çevrilmək; ya da bir daha keçmiş miflərin əsirinə çevrilərək, gələcəyi öz əlləri ilə itirmək.

Bu, təkcə Ermənistanın taleyi deyil - bütün regionun sabahıdır.

Elçin Alıoğlu
Trend