500 ton kartofun sahibi tapılmır - Gömrükdə çürüyür

23 May 2025 12:18

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aya yaxındır ki, gömrük rəsmiləşməsindən keçirilmir.

Milli.Az xəbər verir ki, Gəncə Gömrük İdarəsinin yaxınlığında maşınlarda qalan tonlarla məhsul çürüməyə başlayıb. Bu, TIR sürücüləri və sakinlər arasında da ciddi narahatlıq yaradıb. 

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 gündən gec olmayaraq verilməlidir. Misirdən 31 nəqliyyat vasitəsilə gətirilmiş ərzaqlıq kartof yüklərindən 29-u barədə qeyd olunan müddət keçməsinə baxmayaraq, müvafiq gömrük bəyannamələri təqdim edilməyib.

Yalnız 2 nəqliyyat vasitəsində gətirilmiş mallara dair gömrük bəyannamələri təqdim edilib, lakin qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib. Bəyannamənin təsdiqi gömrük borcu yaratdıqda, malların buraxılışı həmin ödənişlərin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir.

Həmçinin o da qeyd olunub ki, məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib. Sürücülərlə dəfələrlə müzakirələr aparılıb. Bunlara baxmayaraq, idxalatçı qanunvericiliyin tələblərinə riayət etməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmayıb. /Atv Xəbər

Hüseyn
Milli.Az