Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı - VİDEO

23 May 2025 08:57

Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəbər"ə açıqlama verib

Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəbər"ə açıqlama verib və baş verənləri danışıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda paytaxtın 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyeva müəllimdən keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyini tələb edib. Müəllim buna etiraz etdiyi üçün direktor onu hədələyir.

Səs yazısında adı keçən məktəbin müəllimi Lalə Şəfaqətova deyir ki, direktor Afaq Əliyevanın işdən çıxan keçmiş direktor müavini ilə şəxsi problemləri olub.

Digər müəllimləri də bu münaqişəyə cəlb edib. Direktor bütün müəllimlərə məhkəmədə Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etmələri üçün təzyiq edib.

Keçmiş direktor müavini Svetlana Hüseynova ilə də əlaqə saxladıq. O bildirdi ki, işdə olduğu dönəmlərdə direktorun bir neçə qanunsuz əməllərini aşkar edib. Aralarındakı problem də elə bundan sonra başlayıb.

Svetlana Hüseynova bildirir ki, müəllimlər işdən çıxarılmaqdan qorxduqları üçün direktorun dediklərini etməyə məcbur olublar.

Səslənən  iddiaları aydınlaşdırmaq üçün paytaxtın Nizami rayonunda yerləşən məktəbə üz tutduq. Amma məktəbin qapıları üzümüzə bağlandı və içəri buraxılmadıq.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən bildirildi ki, 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. O da qeyd olundu ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Videomaterialı təqdim edirik. 

Milli.Az