Bu ixtisaslarda keçid balı qalxacaq - AÇIQLAMA

23 May 2025 08:48

"Bu il ali məktəblərə keçid balı artıla bilər". 

Milli.Az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında artım var. Ona görə də rəqabət güclüdür. 

Bəs hansı ixtisaslarda keçid balı yüksək ola bilər? 

"Artım birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram mühəndisliyi, proqram təminat mühəndisliyi, süni intellekt ixtisası üzrə ixtisaslarda, ikinci qrupda maliyyə, logistika, iqtisadiyyat, üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tərcümə erməni dili, ispan dili, tərcümə koreya, çin, yapon dili, dördüncü qrupda stomatologiya, psixologiya, biotexnologiya tədris ingilis dilində ixtisaslarında artım ola bilər. Beşinci qrupda isə dizayn, təsviri incəsənət və fiziki tərbiyə müəllimliyi ixtisaslarında 3-5 bal artım gözlənilir". 

Ekspert qeyd edir ki, bəzi ixtisas üzrə ballar aşağı düşə bilər:

"Məsələn üçüncü ixtisas qrupunda regionşünaslıq, rus dili ixtisasları üzrə ballar azala bilər. Buna səbəb isə Qarabağ universitetində plan yerlərinin artırılmasıdır. Birinci ixtisas qrupunda aqrar yönümlü ixtisaslar, ikinci ixtisas qrupunda biznesin idarə edilməsi və turizm, üçüncü ixtisas qrupunda sosial iş, muzeylərlə bağlı, dördüncü qrupda isə bağçılıq və tərəvəzçilik, baytarlıq və ekologiya istiqamətində olan ixtisaslardır. Bu ixtisaslarda keçid balı 150 baldır. Ən aşağı göstəricilər bu ixtisaslarda qeydə alınacaq". 

Qeyd edək ki, 2025-ci il universitetə qəbul prosesi təkcə bal yarışı deyil, həm də gələcəyin peşə xəritəsini çəkmək üçün fürsətdir. 

Aysel Əkbər
Milli.Az