“Yerli şirkətlərin tanıtım sərgisi” başlayır - VİDEO

22 May 2025 12:56

6-cı dəfədir keçiriləcək sərgidə 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunacaqdır.

İyunun 18-21-də Bakı Ekspo Mərkəzində "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək. 6-cı dəfə təşkil olunacaq sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq.

Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə ilk dəfə tanış ola biləcəklər. Nüfuzlu şirkətlərin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün bu il sərgi çərçivəsində mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə görüşləri təşkil olunacaq.

Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək. Builki sərginin tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır (İCMA).

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/6-ci-yerli-sirketlerin-tanitim-sergisi

Sərgidə dövlət dəstəyi hesabına məhsul və xidmətlərini KOBİA-nın stendində təqdim etmək istəyən mikro və kiçik sahibkarlar iyunun 12-dək müvafiq formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölməsində "6-cı Yerli şirkətlərin tanıtım sərgisi" qeyd olunmalıdır).

Milli.Az