Hücum nəticəsində ölən səfirlik əməkdaşlarının FOTOsu - Toyları olacaqdı...

22 May 2025 13:45

Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən "Capital" Yəhudi Muzeyinin qarşısında baş verən silahlı hücum nəticəsində İsrail səfirliyində çalışan iki diplomat həyatını itirib.

Milli.Az xəbər verir ki, cütlük - Almaniya və İsrail vətəndaşlığı olan Yaron Lischinsky və onun nişanlanmaq üzrə olduğu sevgilisi Sarah Milgrim səhər saatlarında baş verən silahlı hücumun qurbanı olublar. Hadisə zamanı hücumçu "Fələstinə azadlıq!" şüarları səsləndirib. Hücumu törədən 30 yaşlı Elias Rodriguez adlı şəxs qısa müddət sonra saxlanılıb.

Yaron Lischinsky İsrailin Vaşinqtondakı səfirliyində Orta Şərq və Şimali Afrika məsələləri üzrə tədqiqatçı kimi çalışıb. Sarah Milgrim isə eyni səfirlikdə ictimai diplomatiya şöbəsində işləyirdi və "American University"də beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi almışdı. Cütlük hücumdan öncə həmin muzeydə keçirilən "Gənc Diplomatlar" tədbirinə qatılmışdı.

İsrailin ABŞ-dəkı səfiri Yechiel Leiter bildirib ki, Lischinsky yaxın günlərdə Qüdsdə evlilik təklifi etməyi planlaşdırırdı və bu həftə nişan üzüyü almışdı.

İsrailin Baş naziri Benyamin Netanyahu hadisəni "İsrailə qarşı təbliğatın və antisemitizmin dəhşətli nəticəsi" adlandırıb və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb. İsrailin BMT-dəki səfiri Danny Danon bu hücumu "antisemitik terror aktı" kimi dəyərləndirib və diplomatik nümayəndələrə qarşı belə bir hücumun "qırmızı xəttin keçilməsi" olduğunu vurğulayıb.

Hücum zamanı muzeydə tədbir keçirən Amerika Yəhudi Komitəsinin rəhbəri Ted Deutch da hadisəni təsdiqləyib. İsrail Prezidenti İsxak Hersoq sosial mediada verdiyi açıqlamada "Vaşinqtonda yaşanan mənzərələr məni sarsıtdı. Bu, nifrət və antisemitizmin iyrənc təzahürüdür," deyə bəyan edib.

Milli.Az cütlüyün fotolarını təqdim edir:

İslam
Milli.Az