Saxta nikah qalmaqalı: Ukraynalı qadınlarla evlənən azərbaycanlılar ifşa olundu - FOTO

22 May 2025 14:00

Ukrayna hüquq-mühafizə orqanları əcnəbilərin saxta nikahlar vasitəsilə ölkədə qanunsuz şəkildə leqallaşmasına yönəlmiş sxemi ifşa edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Kiyev Şəhər Prokurorluğunun yaydığı məlumata görə dörd əcnəbi - iki Özbəkistan və iki Azərbaycan vətəndaşı - maddi ehtiyac içində olan ukraynalı qadınlarla pulla evlənərək qanunsuz şəkildə sərhədi keçib və yaşayış icazəsi əldə edib.

Araşdırmalara əsasən, bu saxta nikah sxemində iştirak edən ukraynalı qadınlara pul ödənilib. Qadınlar evlilik müqabilində təxminən 10 min qrivna alarkən, sxemin təşkilatçısı isə hər əcnəbidən min - 3 min ABŞ dolları arası pul tələb edib.

Kiyev Şəhərinin Desnyanski Rayon Prokurorluğu bildirir ki, adıçəkilən dörd əcnəbi barəsində Ukrayna Cinayət Məcəlləsinin 27-ci maddəsinin 5-ci hissəsi və 332-ci maddəsinin 3-cü hissəsi üzrə ittiham irəli sürülüb. Onlar dövlət sərhədini qanunsuz keçməyə təşkilatçılıq etməkdə şübhəli bilinir.

Bu cür saxta nikahlar əcnəbilərə Ukraynada rəsmi yaşayış icazəsi almaq imkanı yaratdığı üçün, hüquq-mühafizə orqanları bu halı ciddi cinayət faktı kimi qiymətləndirir.

Cinayət işinin maddəsinə əsasən, təqsirli şəxsləri əmlak müsadirəsi, üç ilədək müəyyən vəzifə və ya fəaliyyətlə məşğul olmaq qadağası və 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Fidan
Milli.Az