Axır ki, bu gün oğlumun qatili edam edildi, cəhənnəmə vasil oldu.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Tehrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.
"Bu gün səhər saat 5-də edam hökmü həyata keçirildi. Mənə əvvəlcədən bu barədə məlumat verilmişdi, amma bəzi məsələləri mətbuata açıqlamırdım", - o bildirib.
R.Əsgərov qeyd edib ki, edamda iştirak etmək üçün ona şans da yaradılıb:
"Mənə demişdilər ki, gedib kəndiri çəkərək edamı mən həyata keçirməliyəm. Bizim qanunvericiliyimizdə ölüm hökmü yoxdur. Eyni şəkildə Azərbaycan vətəndaşının da ölüm hökmünü icra etmək hüququ yoxdur. Bu səbəbdən ölüm hökmü İran nümayəndələri tərəfindən icra edildi. Edamda isə bizim səfirliyimizin nümayəndələri və vəkilimiz iştirak edib".
Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Milli.Az