Kimsəsiz qadın sığınacaqdan qovulub? - SƏBƏB

21 May 2025 13:47

55 yaşlı Güləbətin Zəkiyeva aprelin son günlərinədək sığınacaqda yaşayıb.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, Hepatit C diaqnozu ilə bağlı olduğu iddia edilən səbəblə sığınacaqdan çıxarılıb. Daha sonra başqa bir tibb müəssisəsində müayinədən keçib və nəticələrə əsasən Hepatit C xəstəsi olmadığı məlum olub:

"Valideynlərimi itirmişəm, ailəm yoxdur. Aprelin 27-dən küçədəyəm. Yaşadığım şərait ağırdır, gecələr küçədə qalmalı oluram. Kim nə qədər bacarırsa, kömək edir", - deyə Güləbətin Zəkiyeva bildirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Güləbətin Zəkiyeva 2021-ci ilin sentyabr ayında sığınacağa yerləşdirilib və burada uzun müddət dövlətin sosial dəstəyi ilə yaşayıb.

Qurumdan bildirilib ki, o, 2024-cü ilin avqust ayında öz ərizəsi ilə sığınacaqdan ayrılıb, lakin 2025-ci ilin yanvarında yenidən qəbul edilib. Bu müddət ərzində ona müvafiq sosial və tibbi xidmətlər göstərilib.

Müntəzəm tibbi yoxlamalar zamanı Zəkiyevanın Hepatit C test nəticəsinin müsbət olduğu müəyyən edilib. Müəssisə daxilində digər sakinlərin sağlamlığını qorumaq məqsədilə və daxili qaydalara əsasən onun sığınacaqda qalma müddətinin məhdudlaşdırıldığı bildirilib. Qurum nümayəndələri həmçinin vətəndaşa müvafiq tibb müəssisəsinə müraciət etməsi barədə tövsiyə verildiyini qeyd ediblər.

Nazirlikdən əlavə olaraq bildirilib ki, Zəkiyevanın yaxın qohumları onu dəfələrlə ata evinə aparmaq istəsələr də, o, bu təklifləri qəbul etməyib.

Asya
Milli.Az