Marsla bağlı daha bir fakt bilindi

21 May 2025 00:49

Mars səthində onilliklərdir müşahidə edilən və suyun varlığına işarə sayılan parlaq zolaqların əslində tamam fərqli mənşəyə sahib ola biləcəyi ortaya çıxıb.

Milli.Az xəbər verir ki, bu barədə nüfuzlu "Nature Communications" jurnalında dərc olunan yeni elmi araşdırmada məlumat verilib.

İsveçrənin Bern və ABŞ-ın Braun Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda bu zolaqların rütubət və ya axan su ilə yox, külək və tozla bağlı təbii proseslər nəticəsində yarandığı sübut olunub.

Alimlər maşın təlimi alqoritmi vasitəsilə 86 mindən çox Mars peyk görüntüsünü analiz edərək təxminən 500 minə yaxın yamac zolağının xəritəsini hazırlayıblar. Daha sonra bu strukturlar Marsın iqlim və geoloji xüsusiyyətləri ilə müqayisə olunub.

Nəticədə məlum olub ki, zolaqlar əsasən yüksək külək sürəti və toz yığıntılarının sıx olduğu bölgələrdə formalaşır. Bu isə onların rütubət və ya axan duzlu su bulaqları ilə bağlı olmadığını göstərir.

Qeyd edək ki, daha əvvəl təkrarlanan yamac xətlərinin Marsın isti mövsümlərində yarandığı və bunun yeraltı duzlu su axınlarına işarə etdiyi düşünülürdü. Lakin bu yeni tədqiqat bu fərziyyəni şübhə altına alaraq, Marsdakı bu sirli izlərin təbii atmosfer hadisələrinin nəticəsi olduğunu göstərir.

Bu nəticə Marsda həyat və ya yaşanabilir mühit axtarışına yönələn gələcək missiyalar üçün də böyük əhəmiyyət daşıyır.

Asya
Milli.Az