Bu məşhur filmlər qadağan edilə bilər: "Harri Potter" də daxildir

21 May 2025 08:08

Rusiyada sentyabrın 1-dən qüvvəyə minəcək yeni tənzimləmə fonunda bəzi məşhur xarici serialların yayımı məhdudlaşdırıla bilər.

Milli.Az xəbər verir ki, söhbət "uşaqsız həyat tərzinin təbliği" ilə bağlı məlumatların bloklanmasına icazə verən Roskomnadzor əmri çərçivəsində atıla biləcək addımlardan gedir.

"Parlamentskaya qazeta" nəşrinin dərc etdiyi siyahıya görə, risk altında olan layihələr arasında dünyanın tanınmış serialları yer alır. Nəşr bu siyahını ekspert rəylərinə əsaslanaraq hazırlayıb, lakin hələlik bu məlumatlar rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.

Qadağa təhlükəsi ilə üzləşə biləcək seriallar arasında bunlar var:

"Kart evcik" (House of Cards) - Baş qəhrəman Kler bir səhnədə analıq istəyi ilə bağlı şübhələrini ifadə edir.

"Böyük şəhərdə məhəbbət" (Sex and the City) - Samanta personajı açıq şəkildə uşaqsız həyat tərzini seçir.

"Taxt-tac oyunları" (Game of Thrones) - Brienn obrazı cəngavərlik naminə ailə qurmaqdan imtina edir.

"Harri Potter" - Filmdə uşağı olmayan professor Makqonaqal mühüm personajlardan biri kimi təqdim olunur.

Yeni qərara əsasən, hər hansı mətn, film və ya vizual materialda "uşaq sahibi olmaqdan imtinanın təşviqi və ya bu seçimin müsbət işıqda göstərilməsi" təbliğat hesab oluna bilər və bloklanma ilə nəticələnə bilər.

Qanunvericiliyə edilən bu dəyişiklik ictimaiyyətdə və mədəniyyət dairələrində geniş müzakirələrə səbəb olub. Ekspertlər bu cür yanaşmanın senzura və ifadə azadlığına müdaxilə riskini artırdığı qənaətindədirlər. Bununla yanaşı, Rusiya son illərdə mədəniyyət və incəsənət sahəsində sovet dövrünü xatırladan nəzarət və məhdudiyyətlərə meyl göstərir.

Hazırda hansı serialların və ya filmlərin faktiki olaraq bloklanacağı ilə bağlı dəqiq mexanizmlər və qərarlar ictimaiyyətə təqdim edilməyib.

Asya
Milli.Az