Süni intellekt bunu da etməyi öyrəndi

20 May 2025 17:11

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri süni intellekt sahəsində növbəti irəliləyişə imza atıblar.

Milli.Az xəbər verir ki, onlar "TactStyle" adlı yeni texnologiya təqdim ediblər ki, bu da 3D modellərə yalnız vizual deyil, eyni zamanda toxunma hissini də əlavə edir.

Bu sistem 3D modellərin həm görünüşünü, həm də səth teksturasını əks etdirmək qabiliyyətinə malikdir. Başqa sözlə, istifadəçilər artıq obyektin formasını və rəngini deyil, onun səthinin hamarlıq və kobudluq kimi fiziki xüsusiyyətlərini də vizual məlumat əsasında modelləşdirə bilirlər.

"TactStyle"ın əsas üstünlüyü odur ki, süni intellekt görüntüdəki material və səth xüsusiyyətlərini təhlil edərək obyektin mikrosəviyyədə tekstura xəritəsini - yəni "hündürlük xəritəsi"ni - avtomatik şəkildə yaradır. Bu da dizaynerlər, mühəndislər, sənaye istehsalçıları və təhsil sahəsində çalışanlar üçün daha interaktiv və realistik təcrübə təqdim edir.

Alimlərin sözlərinə görə, bu texnologiya sənaye dizaynı, prototipləşdirmə, peşəkar təhsil və aksesuar istehsalı kimi sahələrdə böyük dəyişikliklər vəd edir. "TactStyle" 3D modelləşdirmə texnologiyasında yalnız vizual deyil, həm də hissiyyata əsaslanan yeni dövrün başlandığını göstərir.

Asya
Milli.Az