Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - VİDEO - FOTO

20 May 2025 15:00

Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Viktor Orban həm Macarıstana işgüzar səfər etməsinə və səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərə, həm də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştiraka dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Baş nazir vurğuladı ki, ölkəsinin Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət olaraq bu tədbirə ev sahibliyi etməsi Macarıstanın təşkilat çərçivəsində əməkdaşlığa sadiq olduğuna böyük əhəmiyyət verməsinin növbəti göstəricisidir.

İkitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirən Viktor Orban Macarıstan iqtisadiyyatının çətin vaxtlarında Azərbaycanın dost ölkə olaraq göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini dedi.

Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd etdi.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının keçirilməsini vacib bir addım kimi qiymətləndirdi. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirildiyini xatırladan və bunun artıq ənənəyə çevrildiyini deyən dövlətimizin başçısı ikinci bu cür tədbirin müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluqla vurğuladı.

Söhbət zamanı Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olduğu, mütəmadi şəkildə məsləhətləşmələrin aparıldığı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəklədiyi qeyd edildi. Azərbaycanın və Macarıstanın beynəlxalq səviyyədə öz ölkələrinin milli maraqları əsasında müstəqil siyasət aparan dövlətlər olduqları vurğulandı. Cəbrayılın Soltanlı kəndinin, həmçinin məktəb tikintisi layihəsinə görə Macarıstana təşəkkür bildirildi.

Humanitar sahədə uğurlu əməkdaşlığa toxunuldu, azərbaycanlı tələbələrin Macarıstanda təhsil almaları və onlara təhsil təqaüdlərinin ayrıldığı qeyd edildi.

Söhbət zamanı enerji, investisiyalar, əczaçılıq, qida sənayesi və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

Milli.Az