Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İctimai Birliyi və Üzeyir Hacıbəylinin ev-muzeyinin dəstəyi ilə paytaxtın musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.
Görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan ustad dərsi dahi bəstəkarın ev-muzeyində İtaliyanın tanınmış yapon əsilli pianoçusu Elena Chiavegato tərəfindən aparılıb.
Ustad dərsinin açılışında pianoçu Elena Chiavegato çıxış edərək, Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında öz təəssüratlarını bölüşərək səfəri çərçivəsində onun yaradıcılığına göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib. Daha sonra "Mədəni Əlaqələrin İnkişafına Dəstək" İB sədri İlahə Qismət öz çıxışında bu kimi layihələrin mədəniyyətimiz üçün əhəmiyyətindən, gənclərimizin yaradıcılığına göstərdiyi müsbət təsirindən danışıb. Həmçinin bir bəstəkar kimi əsərlərinin italyan pianoçunun repertuarına daxil edilməsinə görə çox sevincli olduğunu da vurğulayıb. Tədbirin yaradıcı hissəsi Elena Chiavegatonun ifasında səslənən Mendelson "Noktürn" və İlahə Qismətin "Kəpənəklərin rəqsi" əsərləri ilə başlanılıb.
MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov dərsin əsas məqsədinin incəsənət təhsili səviyyəsinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılması olduğunu bildirirək qonağa xatirə hədiyyələri təqdim edib.
E.Chiavegato müəllim və şagirdlər üçün innovativ tədris metodikası, dərs zamanı diqqət edilməli əsas məqamlar, peşəkar inkişaf üçün göstərişlər və düzgün repertuar seçiminin təşkilindən bəhs edib. Fortepiano tədrisinin metodikasındakı incəliklərin və pedaqogikanın əsas kateqoriyaları, musiqi pedaqogikasının öyrədilməsi sahəsində müasir tələblərə uyğun bilik və bacarıqları nəzəri və praktiki baxımından izah edib.
Ustad dərsində Bakı şəhəri T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin VII sinif şagirdi Renat Şərifli və XI sinif şagirdi Ərtoğrul Balayev (müəllim Yelena Xalilulina), C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin IX sinif şagirdi Nəzrin Yuzbəyova (müəllim Lalə Mahmudova), L.və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin IX sinif şagirdi Zərrin Şükür (müəllim Afaq Rəhimova) maraqlı repertuarla çıxış ediblər. E.Chiavegato ilə Haydn, Şostakoviç, Raxmaninov və Bramsın əsərləri üzərində iş əyani olaraq icra olunub.
Qeyd edək ki, 20-dən çox nüfuzlu mükafatın laureatı olan pianoçu dünyanın aparıcı konsert salonlarında çıxış edib. Bunlara Milan "Teatro alla Scala", Venesiya "Teatro La Fenice", Paris "Salle Cortot", Barselona "Palau de la Música Catalana" və digərləri aiddir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az