Bakı vloqu bir gecədə yarım milyon İZLƏNDİ - FOTO

19 May 2025 15:56

Türkiyədə serial və film tənqidləri ilə məşhurlaşan yutuber Murat Soner Azərbaycana səfər edib.

Milli.Az xəbər verir ki, o, Bakıda olduğu müddətdə şəhəri gəzir, yerli yeməklərin dadına baxır və Azərbaycan seriallarını analiz edir.

Murat Soner Bakı səfəri çərçivəsində vlog çəkərək onu "YouTube" kanalında paylaşıb. Paytaxtın müxtəlif məkanlarını ziyarət edən yutuber "Mall"lardan birində kinoteatra baş çəkib və kino mədəniyyətimiz barədə təəssüratlarını bölüşüb. O, film afişalarının kifayət qədər olduğunu, lakin zalda izləyici sayının az olduğunu deyərək, bu vəziyyətin Türkiyədəki vəziyyətə bənzədiyini bildirib.

Səfəri zamanı yerli seriallara da nəzər yetirən tənqidçi izləyicilərdən sorğu apararaq ən yaxşı və ən pis ekran işlərini öyrənib. Aldığı cavablar onu bir qədər təəccübləndirib. O bildirib:

"Azərbaycanda 'Vicdan haqqı' adlı serialın adını çəkəndə hamı üzünü bağlayır. Çox qəribədir. İzləməyim üçünsə 'Əqrəb mövsümü'nü tövsiyə etdilər".

Onun Bakıya səfəri ilə bağlı yayımladığı vlog qısa zamanda sosial şəbəkələrdə maraq doğurub və "YouTube" platformasında trendlər siyahısında 12-ci yerə yüksəlib. Cəmi bir gecəyə yarım milyon baxış toplayan video Murat Sonerin Azərbaycanla bağlı təəssüratlarının geniş auditoriyaya çatdığını göstərir.

Fidan
Milli.Az