NASA-nın yeni kəşfi: Kosmosda qeyri-adi göy qurşağı

19 May 2025 15:02

Kosmosun dərinliklərində baş verən bir çox hadisə insanları hər zaman heyrətləndirir. Son zamanlar NASA-nın yeni PUNCH (Polarimeter to Unify the Corona and Heliosphere) missiyası kosmosla bağlı yeni sirrləri açmağa çalışır.

Milli.Az xəbər verir ki, NASA-nın Günəşi araşdırmaq məqsədilə orbitə göndərdiyi PUNCH missiyası zamanı kosmosda qeyri-adi bir optik fenomen müşahidə edilib. İlk dəfə müşahidə edilən bu kosmik göy qurşağı  tədqiqatların daha da maraqlı və heyrətamiz hala gəldiyini göstərir.

Missiyanın təqdim etdiyi ilk görüntülərdə "WFI-2" cihazı tərəfindən çəkilən fotoda zəif parıltı qırmızıdan yaşıl və mavi rəngə doğru dəyişir. Bunun əsl göy qurşağı deyil, işığın fərqli dalğa uzunluqlarını göstərən texniki bir görüntü olduğu bildirilir.

Bundan əlavə, "NFI" cihazı Günəşin parlaq işığını bloklayaraq Ayın Günəşin qarşısından keçdiyi anı da qeydə alıb. Həmçinin, "WFI" kameraları məşhur ulduz qrupları olan "Giadalar", "Pleyadalar" və "Andromeda" qalaktikasını lentə alaraq kosmosdakı digər əlamətdar obyektləri də araşdırmışdır.

PUNCH missiyası dörd kiçik peykdən ibarət olmaqla Günəşin xarici təbəqəsi və Günəş küləyinin tədqiqi üzrə aparılan ən yeni və vacib araşdırmalardan biridir. Kosmosdakı bu qeyri-adi göyqurşağı Günəş işığının kosmosdakı toz hissəciklərindən səpələnməsi nəticəsində yaranır və bu hadisə zodiakal işıq olaraq tanınır.

Asya
Milli.Az