Mayın 16-da Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammiti Ermənistanla Azərbaycan arasında uzun və mürəkkəb nizamlanma prosesində dönüş nöqtəsinə çevrildi. Məhz ilk dəfə idi ki, müharibədən sonrakı on il ərzində Bakı ilə İrəvan arasındakı siyasi dinamika beynəlxalq hüquqi sənəd şəklində rəsmiləşə biləcək mərhələyə yaxınlaşdı. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş təkcə simvolik deyil, həm də strateji əhəmiyyət kəsb edirdi. Çünki bu görüş gələcək sülh sazişinin bütün müddəalarının razılaşdırılması haqda bəyanat fonunda baş tutdu - bu isə hələ bir müddət əvvəl real görünməyən bir addım idi.
Fəqət bu hadisənin əhəmiyyəti ikitərəfli diplomatik münasibətlər çərçivəsindən kənara çıxır. Bu, həm də Cənubi Qafqazda Avropa siyasətinin memarlığı üçün bir sınaq, region dövlətlərinin yetkinliyinin yoxlanışı və postsovet məkanının ən uzunmüddətli münaqişələrindən birini başa çatdırmaq üçün real imkandır. Beynəlxalq sistemin etimad böhranı ilə üzləşdiyi və regional münaqişələrin yenidən geosiyasi alətə çevrildiyi şəraitdə Ermənistan-Azərbaycan nizamlanması nümunəsi ya məsuliyyətli yanaşmanın göstəricisinə çevrilə, ya da növbəti sabitlik illüziyası ola bilər.
Bəhs etdiyimiz məcrada əsas sual belədir: İrəvan doğrudan da əldə olunmuş razılaşmaları geri dönüşü olmayan hüquqi-siyasi nəticəyə çevirməyə hazırdırmı? Yoxsa bu prosesi sonlandırmağa mane olan, yaxud ola biləcək amillər nələrdir? Bu suallara cavab vermək üçün yalnız xarici siyasət jestlərinə deyil, həm də Ermənistanın daxili mövqeyinin məntiqinə, onun institusional koordinasiyasına və beynəlxalq vasitəçilərin hələ də mühüm, lakin qeyri-müəyyən roluna nəzər yetirmək lazımdır.
2025-ci ilin martında Ermənistan Azərbaycanla sülh sazişi layihəsinin son iki bəndini də qəbul etdi. Bu, 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra başlanmış beşillik danışıqların nəticəsi idi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sənədin dərhal imzalanıb ratifikasiya olunmasına hazır olduqlarını bildirdi.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sülh sazişi üzrə işin başa çatmasını qeyd etdi və sənədin tezliklə imzalanacağına ümid etdiyini açıqladı.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan əsas amillərdən biri Ermənistan Konstitusiyasıdır. Bu sənəd təkcə hüquqi deyil, həm də siyasi-ideoloji platforma kimi çıxış edir. Konstitusiya mətnində Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəalar hüquqi çərçivədə təsbit olunub. Baş nazir Paşinyan dəfələrlə "ərazi iddialarının olmaması" barədə bəyanatlar versə də, bu sözlər Ermənistanın əsas qanununda öz təsdiqini tapmır.
Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il avqustun 23-də qəbul olunmuş Müstəqillik Bəyannaməsinə birbaşa istinad edilir. Bu sənəd sadəcə tarixi akt deyil, eyni zamanda müasir Ermənistan dövlətinin hüquqi əsasını təşkil edən təsis sənəddir. Bəyannamənin 11-ci bəndində deyilir: "Ermənistan Respublikası Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməyə və onun öz müqəddəratını təyin etmə hüququnun qarantı olmağa çalışır".
Qeyd etmək lazımdır ki, bu sənəd qəbul edilən zaman Qarabağ Azərbaycanın tərkib hissəsi olub və bu status beynəlxalq səviyyədə tanınıb. Ermənistan isə həm təsis sənədində, həm də 1995-ci il Konstitusiyasının preambulasında (habelə 2005 və 2015-ci il redaksiyalarında) bu istinadı qoruyaraq, ərazi iddialarını institusional səviyyədə möhkəmləndirib.
Bu isə o deməkdir ki, öz xarici siyasətini Konstitusiyaya əsaslanaraq həyata keçirən hər hansı Ermənistan hökuməti, istər-istəməz, digər dövlətin ərazi bütövlüyü məsələsində neytral və ya qərəzsiz ola bilməz.
Təbii ki, Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi siyasi iradənin deyil, beynəlxalq hüququn və sabit sülhün məntiqindən irəli gəlir. Konstitusiyanın preambulası boş deklarasiya deyil. Ermənistanın Konstitusiya Məhkəməsi 2009-cu ildə açıq şəkildə qeyd edib ki:
"Preambula təkcə ideoloji manifest deyil, konstitusiya mətninin ayrılmaz hissəsidir və dövlətçilik məqsədlərini, prioritetlərini və əsas prinsiplərini əks etdirir".
Bu isə o deməkdir ki, preambulada Müstəqillik Bəyannaməsinə edilən istinad gələcəkdə istənilən Ermənistan hakimiyyətinə yenidən Azərbaycan qarşısında ərazi iddiaları irəli sürmək üçün hüquqi zəmin yaradır - baxmayaraq ki, Paşinyan bu gün əksini deyir. Azərbaycanlı politoloq Fərhad Məmmədovun sözləri ilə desək, "konstitusiyalar siyasətçilər üçün deyil, dövlətlər üçün yazılır", və bu baxımdan gələcək sülh təməlində gecikdirilmiş mina olan bir mətnə əsaslana bilməz.
Tiranadakı sammit zamanı Ermənistanın baş naziri Paşinyan bildirdi ki, "hazırkı konstitusiya qonşulara qarşı ərazi iddiaları irəli sürmür". Amma o, əsas məsələni - preambulanı və onun Bəyannaməyə istinadını - qəsdən qeyd etmədi.
2023-cü ildə verdiyi bir müsahibədə isə Nikol Paşinyan etiraf etmişdi: "Bəli, ola bilər ki, bizim konstitusiyamız o yeni dünyanın ruhuna tam uyğun gəlmir ki, biz ona can atırıq".
Fəqət nə 2023-cü, nə 2024-cü, nə də 2025-ci ilin yazında Ermənistan Konstitusiyasının preambulasının dəyişdirilməsi istiqamətində real addım atılmayıb. Üstəlik, 2025-ci ilin mayına olan vəziyyətə görə Ermənistan parlamentində bu dəyişiklikləri nəzərdə tutan rəsmi qanunverici təşəbbüs belə qeydə alınmayıb.
Konstitusiyanın dəyişdirilməsinin yubadılması ehtimal ki, təkcə diplomatik ehtiyatlılıqla deyil, həm də Paşinyanın müxalifətdən qorxusu ilə izah olunur. 44 günlük müharibədən sonra Ermənistan müxalifəti (o cümlədən Koçaryanın "Ermənistan" bloku və "Tavuş naminə" qrupu) Qarabağ məsələsini siyasi səfərbərlik vasitəsi kimi fəal şəkildə istifadə edir.
Konstitusiyadan Qarabağa dair istinadın çıxarılması "milli maraqlara xəyanət" kimi təqdim olunacaq və çox güman ki, növbəti siyasi böhrana səbəb olacaq. Buna görə də Nikol Paşinyan ikili oyun aparır: bir tərəfdən, Qərbə və Bakıya sülhə hazır olduğu mesajını verir, digər tərəfdən isə bu sülhü hüquqi cəhətdən geri dönməz edən addımlardan yayınır.
Oxşar vəziyyət 1990-cı illərdə Xorvatiyada da müşahidə olunmuşdu. Belqrad Xorvatiya Konstitusiyasından serb muxtariyyətlərinə dair istinadların çıxarılmasını tələb edirdi. Hüquqi zəmanətlər olmadan heç bir saziş davamlı ola bilməzdi. Nəticədə, tərəflər yalnız bir-birinə zidd olan konstitusiya müddəalarını aradan qaldırdıqdan sonra razılaşmalara nail oldular.
Əgər Ermənistan doğrudan da uzunmüddətli sülhlə maraqlıdırsa, o zaman öz əsas qanununa deklarativ deyil, hüquqi baxımdan əhəmiyyətli dəyişikliklər etməlidir. Bu, Azərbaycanın tələbi deyil, beynəlxalq hüququn əsas prinsipi - anneksiya edilməsinin tanınmaması və dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin olunması üçün zəruri şərtdir.
Ermənistan Konstitusiyasının preambulasında hələ də Qarabağ əhalisinin "hüquqlarının təmin olunması" barədə sənədə istinad yer alırsa, münaqişənin bitdiyindən danışmaq mümkün deyil. Bu, texniki detal deyil - prinsipial məsələdir. Paşinyan qarşısında bir seçim dayanır: ya münaqişəyə son qoymuş lider kimi tarixə düşəcək, ya da daxili revanşistlərin və beynəlxalq populistlərin təzyiqi altında sülhü sabotaj etmiş siyasətçi kimi qalacaq.
Hazırda Ermənistanda Konstitusiyanın yenidən işlənməsi təşəbbüsü fəallaşıb. Baş nazir Nikol Paşinyan dəyişikliklərin zəruriliyini əsaslandıraraq bildirir ki, mövcud Konstitusiya guya müasir siyasi reallığı əks etdirmir və cəmiyyətdə "sosial və psixoloji gərginlik" yaradır. Lakin ictimai müzakirələrdə bu təşəbbüs birmənalı qarşılanmır. Əsas mübahisələr hüquqi ifadələrlə deyil, siyasi kontekstlə və mümkün nəticələrlə - xüsusilə də xarici siyasət, sərhədlərin statusu və ərazi öhdəlikləri ilə bağlıdır.
1995-ci ildə qəbul olunmuş və 2005, 2015-ci illərdə dəyişikliklərə məruz qalmış Ermənistan Konstitusiyası, müəyyən dərəcədə, əvvəlki dövrlərin ərazi iddialarını əks etdirən müddəalar saxlayır. Məsələn, preambulada Qarabağda keçirilmiş guya "ümumerməni referendumu"nun nəticələrinə görə məsuliyyət ideyası təsbit olunub. Bu müddəalar 2020-ci il İkinci Qarabağ müharibəsindən və Azərbaycanın suverenliyini əraziləri üzərində bərpa etməsindən sonra formalaşmış yeni geosiyasi reallığa uyğun gəlmir.
Konstitusiyanın dəyişdirilməsi və hüquqi ziddiyyətlərin aradan qaldırılması, əgər dövlət sülh sazişi və sərhədlərin demarkasiyasına nail olmaq istəyirsə, məntiqli görünür. Lakin reallıqda Paşinyanın təşəbbüsü daxili inamsızlıq və etirazlarla müşayiət olunur ki, bu da Ermənistan cəmiyyətində konsensusun olmadığını göstərir.
İslathatlara, əlavələrə və dəyişikliklərə skeptisizm daha çox onun məzmunundan deyil, mümkün siyasi nəticələrindən qaynaqlanır. 2024-cü ildə Ermənistanın Tavuş bölgəsində yerləşən dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı danışıqlar fonunda genişmiqyaslı etiraz aksiyaları baş verdi. Əhalinin əhəmiyyətli hissəsi bu addımları adekvat təhlükəsizlik zəmanətləri olmadan birtərəfli güzəştlər kimi qiymətləndirdi.
Müxalifət və ayrı-ayrı siyasi qruplar yeni Konstitusiyanın gələcəkdə belə qərarların hüquqi əsaslarla geri çağırılmadan rəsmiləşdirilməsi üçün istifadə olunacağından ehtiyat edirlər. Bu da sual doğurur: yeni Konstitusiya ərazi güzəştləri üçün hüquqi məhdudiyyətləri aradan qaldırmağa yönəlmiş alətə çevriləcəkmi?
Azərbaycan nöqteyi-nəzərindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi həmin ölkənin suveren hüququdur. Lakin bu dəyişikliklər həm də Ermənistanın münasibətlərin real normallaşmasına nə dərəcədə hazır olduğunu göstərən göstəricidir. Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan qanunvericiliyində, hətta dolayı yolla belə, ərazi iddialarının mövcudluğu konstruktiv dialoqu çətinləşdirir.
Əgər Ermənistan həqiqətən də davamlı qonşuluq modelinə nail olmaq istəyirsə, əsas qanundan revanşist və ya ikimənalı müddəaların çıxarılması düzgün addım kimi qiymətləndirilə bilər. Lakin bu addım xarici təzyiqlərin və ya siyasi məqsədlərin nəticəsi deyil, daxili şüurlu qərar olmalıdır.
Konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistanın xarici siyasət kursunun transformasiyası ilə də sıx bağlıdır. 2022-ci ildən başlayaraq ölkə ardıcıl şəkildə Qərblə koordinasiyanı gücləndirir, KTMT-dəki ənənəvi müttəfiqlərindən uzaqlaşdığını nümayiş etdirir. Bu, təkcə diplomatik jestlərdə deyil, hüquqi sahədə də əks olunur.
Xüsusilə Fransanın Paşinyan hökumətinə dəstəyi Ermənistanda həyata keçirilən islahatlara siyasi dəstək kimi dəyərləndirilir. Lakin bu fonda Qərb dairələrinin təklif olunan dəyişikliklərin demokratik prosedurlarına və daxili legitimliyinə tənqidi yanaşma nümayiş etdirməməsi təəccüb doğurur. Belə bir dissonans yaranır: digər ölkələrdə konstitusiya təşəbbüslərinə sərt reaksiya verən Qərb strukturları, Ermənistan məsələsində güzəştli mövqe tutur.
Ermənistan bu gün milli hüquqi konstruksiyasını yenidən nəzərdən keçirmə mərhələsindədir. Azərbaycan üçünsə qonşu dövlətdə həyata keçirilən istənilən daxili islahatlar ilk növbədə onların regional sülhün sabitliyinə və beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə təsiri baxımından qiymətləndirilir.
Əgər Konstitusiya islahatı həqiqətən də sülh sazişinin bağlanmasına mane olan hüquqi ziddiyyətləri aradan qaldırmağa yönəlibsə, bu, Cənubi Qafqazda sabitliyə xidmət edə bilər. Amma dəyişikliklər cəmiyyətin razılığı olmadan, yalnız vaxt udmaq və ya şübhəli qərarları leqitimləşdirmək üçün istifadə olunarsa, bu, Ermənistanın daxili sabitliyini daha da pozacaq və yeni risklər yaradacaq.
Belə islahatlarda təmkin, şəffaflıq və öncədən hesablanmış addımlar yeganə yoldur ki, o da uzunmüddətli sabitlik və qarşılıqlı etimadın yaranmasına şərait yarada bilər.
Ermənistanla Azərbaycan arasında sülh prosesinə dəstək verdiklərini mütəmadi şəkildə bəyan edən beynəlxalq vasitəçilər - o cümlədən Avropa İttifaqı, Fransa və Avropa Şurası - sülh sazişinin imzalanmasının zəruriliyini ön plana çıxarmaqda davam edirlər. Ermənistanın baş naziri Nikol Paşinyanla Fransanın prezidenti Emmanuel Makronun Tiranadakı son görüşü də növbəti dəfə "sülhün vacibliyi" ilə bağlı gur bəyanatlarla müşayiət olundu. Avropa Şurasının baş katibi Alen Bersə Bakı və İrəvanla danışıqlar aparmaq niyyətində olduqlarını təsdiqləyərək bu istiqaməti prioritet elan etdi. Lakin bu diplomatik ifadələrin arxasında getdikcə daha aydın görünən sistemli bir problem var: Ermənistanın mövqeyi deklarativ xarakter daşıyır və real addımlarla müşayiət olunmur.
Ermənistan dəfələrlə sülh sazişinə imza atmaq istədiyini bəyan etsə də, əməldə tamamilə fərqli bir xətt nümayiş etdirir. Danışıqların əsasını təşkil edən prinsipial məsələlər - Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması - İrəvan tərəfindən mütəmadi şəkildə sual altına alınır. 2023-2025-ci illər ərzində Ermənistan rəhbərliyinin bəyanatlarında konkret tarixlərdən yayınma, ilkin şərtlər irəli sürmək cəhdləri və siyasi dividentlər qazanmaq məqsədilə Fransaya və Avropa Parlamentinə müraciət etmək halları müntəzəm təkrar olunur.
Paşinyan 2023-cü ildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu açıq şəkildə etiraf etsə də, Ermənistanda həm siyasi, həm də ictimai diskursda hələ də "ermənilərin hüquqları" kontekstində Qarabağ mövzusunun "dirçəldilməsi" cəhdləri müşahidə olunur. Ermənistan müxalifətinin nümayəndələri, hakim fraksiyanın bəzi deputatları və iqtidara yaxın QHT-lər münaqişənin artıq başa çatmasına və ərazinin Azərbaycanın hüquqi məkanına inteqrasiya olunmasına baxmayaraq, "muxtariyyət", "beynəlxalq zəmanətlər" və "xüsusi status" kimi anlayışları irəli sürürlər.
Bundan əlavə, 2023-cü ilin payızından başlayaraq İrəvan beynəlxalq qurumlarda "Qarabağ ermənilərinin məcburi deportasiyası" barədə ritorikanı fəal şəkildə yaymağa başlayıb. Bu isə hüquqi baxımdan əsassız olmaqla yanaşı, faktlara da ziddir. Ermənistan əhalisinin Qarabağdan çıxışı könüllü şəkildə, hər hansı güc tətbiq edilmədən baş vermiş və Azərbaycan tərəfindən humanitar dəstəklə müşayiət olunmuşdur.
Emmanuel Makronun "sülhə dəstək" bəyanatları fonunda Fransanın regiondakı siyasəti açıq şəkildə birtərəfli və yönümlü xarakter daşıyır. Paris Ermənistanla hərbi əməkdaşlığını sistemli şəkildə genişləndirir - silah tədarükü, hərbçilərin hazırlanması və İrəvanda hərbi attaşelik nümayəndəliyinin açılması buna sübutdur. Eyni zamanda Fransa, Türkiyənin istənilən sülh formatında iştirakına qarşı çıxır ki, bu da onun vasitəçi kimi neytrallığını şübhə altına salır və Bakının tam əsaslı etimadsızlığına səbəb olur. 2023-cü ilin oktyabrında Fransa Qranadada Cənubi Qafqaz üzrə mini-samitdə Azərbaycanın iştirakını əngəllədi və bu, iki ölkə liderinin potensial görüşünün qarşısını aldı.
Avropa İttifaqı sülh prosesinə sadiqliyini bəyan edir, lakin 2023-cü ildə fəaliyyətə başlayan Ermənistan-Azərbaycan sərhədindəki Avropa müşahidə missiyası (EUMA) faktiki olaraq neytrallığını itirib. Missiyanın hesabatlarında insidentlər birtərəfli təqdim olunur, Ermənistan tərəfindən törədilmiş təxribatlar nəzərə alınmır. Üstəlik, Bakının etirazlarına baxmayaraq, mandatın davamlı şəkildə uzadılması, Avropa İttifaqının regionda öz mövcudluğunu birbaşa razılaşdırılmamış şəkildə institusionallaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.
Avropa Şurası adından çıxış edən Alen Bersə danışıqlara yardım etməyə hazır olduqlarını bildirir. Lakin bu qurumun mövqeyi, xüsusilə də Azərbaycan ərazilərinin işğal dövründə kütləvi dağıntılara qarşı susqunluğu onun qərəzsizliyini ciddi şəkildə şübhə altına alır. 2025-ci ilin may ayına olan vəziyyətə görə, Avropa Şurasının heç bir hesabatında nə işğal dövründə dağıdılmış 900-dən artıq Azərbaycan yaşayış məntəqəsinə, nə də 60-dan çox məscidin, minlərlə mədəniyyət abidəsinin məhv edilməsinə hüquqi-siyasi qiymət verilməyib. Ermənistan tərəfindən ərazilərin minalanması da bu hesabatlarda qeyd olunmur. Belə selektiv və qeyri-simmetrik yanaşma bu qurumun real vasitəçilik qabiliyyətini və etibarlılığını ciddi şəkildə zəiflədir.
Ermənistanla Azərbaycan arasında sülh sazişinin gələcəyi getdikcə yaxınlaşır - lakin hələ də şərt xarakteri daşıyır. Son aylarda əldə olunmuş diplomatik irəliləyişlər, şübhəsiz ki, Cənubi Qafqaz tarixində dönüş nöqtəsinə işarə edir. Lakin bu prosesin yalnız mövcudluğu onun geri dönüşü olmayan bir kursa çevrildiyini göstərmir. Sazişin imzalanması təkcə texniki hazırlıq və xarici dəstək deyil, ilk növbədə tərəflərin siyasi iradəsi, daxili dürüstlüyü və hüquqi ardıcıllığı tələb edir.
Ermənistan tərəfi Konstitusiyada dəyişiklik zərurətinə istinad etməklə, öz bəyan etdiyi kursla dövlət siyasətinin hüquqi əsası arasında fundamental uyğunsuzluğun mövcudluğunu dolayısı ilə etiraf edir. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünün tanınmasına zidd olan müddəalar mövcud olduğu müddətcə, sülh sazişi ilə hüquqi uyğunluqdan danışmaq mümkün deyil. Bu, sadəcə hüquqi texniki məsələ deyil - bu, strateji seçimdir: ya İrəvan beynəlxalq öhdəliklərinə uyğun şəkildə daxili hüquqi islahata gedir, ya da "daxili siyasi debatlar" bəhanəsi ilə sülhü qeyri-müəyyən vaxta təxirə salır.
Bu şəraitdə Azərbaycan rasional, praqmatik və ölçülüb-biçilmiş mövqeyini qoruyur. Üç onillik işğal, humanitar fəlakətlər və sistemli infrastruktur dağıntılarından keçmiş Bakı revanşizmdən uzaq dayanaraq, beynəlxalq hüquqa, sərhədlərin qarşılıqlı tanınmasına və kommunikasiyaların açılmasına əsaslanan dayanıqlı birgəyaşayış modeli təklif edir.
Bununla belə, sülh qeyri-simmetrik əsaslar üzərində dayanıqlı ola bilməz. Hərəkətlərlə müşayiət olunmayan ritorika diplomatik imitasiyaya çevrilir və sülh kursunu təsdiqləmir. Həqiqi dönüş yalnız o zaman mümkündür ki, Ermənistan siyasi siqnallardan institutlaşmış təminatlara, xarici siyasət manevrlərindən hüquqi məsuliyyətə, çoxsəviyyəli oyunlardan açıq dialoqa keçid etsin.
Cənubi Qafqaz təkcə sənəd deyil, qarşılıqlı etimada əsaslanan möhkəm memarlığa ehtiyac duyur. Bu memarlığın qurulması üçün məsuliyyət hər iki tərəfin üzərinə düşür - amma xüsusilə də bu günə qədər bəyanatla real icra arasında seçim edən tərəfin. Sülh - ritorik konstruksiya deyil, bütöv bir regionun sabitliyindən asılı olan tarixi öhdəlikdir.
Elçin Alıoğlu
Trend