"Yeşilçam"ın məşhur aktyoru ilə bağlı üzücü xəbər

18 May 2025 21:29

Yeşilçamın tanınmış sənətkarlarından olan Ahmet Mekin, Balıkəsirin Erdek rayonunda baş verən qəza nəticəsində xəstəxanaya aparılıb. 93 yaşlı aktyorun çanaq sümüyündə sınıq olduğu müəyyən edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun illərdir Balıkəsirin Erdek bölgəsində yaşayan Ahmet Mekin gəzinti zamanı tarazlığını itirərək səkidən yıxılıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları tərəfindən ilkin müdaxiləsi Erdek Neyyire Sıtkı Dövlət Xəstəxanasında aparılan aktyor, daha sonra Bandırma Təhsil və Araşdırma Xəstəxanasına göndərilib.

Müayinələr zamanı çanaq sümüyündə sınıq aşkar edilib və Ahmet Mekin əməliyyat olunub.

Aktyorun sağlamlıq vəziyyətinin yaxşı olduğu və müalicəsinin xəstəxanada davam etdiyi bildirilib.

Əsl adı Ahmet Kurteli olan Ahmet Mekin, 17 avqust 1932-ci ildə İstanbulda anadan olub. O, həm teatr, həm də kino aktyorudur. Səhnəyə Bakırköy Xalq Evinə çıxmaqla başlayıb. 1957-ci ildə "Mahşere Kadar" adlı film ilə kinoya keçid edib. Zaman-zaman teatr səhnəsinə qayıdaraq 200-ə yaxın filmdə rol alıb.

Əhəmiyyətli filmləri arasında "Aşktan da Üstün" (Osman F. Seden), "Kelebekler Çift Uçar" (Tarık Dursun), "Gurbet Kuşları", "Bir Türk'e Gönül Verdim" (Halit Refiğ), "Düğün" (Lütfi Ö. Akad), "Selvi Boylum Al Yazmalım" (Atıf Yılmaz), "Seni Kalbime Gömdüm" və "Kuyucaklı Yusuf" (Feyzi Tuna) kimi ekran əsərləri var.

1969-cu ildə Güngör Dilmenin "İttihat ve Terakki" tamaşasında, 1972-ci ildə isə Dostlar Teatrında səhnələşdirilən "Abdülcanbaz"da məşhur karikatura qəhrəmanı Turhan Selçukun personajını canlandırıb.

1980-ci illərdən etibarən televiziya seriallarında da çıxış edən Ahmet Mekin, "Geçmiş Zaman Elbiseleri", "Bir Yürek Satıldı", "Bağrıyanık Ömer ile Güzel Zeynep", "Bir Adam Yaratmak", "Denizin Kanı", "Bugünün Saraylısı", "Tatar Ramazan" və "Not Defteri" kimi seriallarda rol alıb.

Ahmet Mekin, 1957-2020-ci illər arasında aktrisa Şükran Sabuncu ilə evli olub.

Lalə Qüdrətova
Milli.Az