Əkrəm Gürelə vəzifə verildi

17 May 2025 15:42

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin edilib.

Bu barədə Milli.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə Azərbaycan Dərnəyinin başqanı, Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı Əkrəm Gürel İğdır Universitetinin rektoru olub.

İğdır əsilli Ə.Gürel 16 iyun 1969-cu ildə anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib. 1992-1995-ci illərdə "Türkiyə Şəkər Fabrikaları A.Ş."-nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adı çəkilən fakültənin dekanı idi.

İngilis və fransız dillərini bilən Əkrəm Gürel evlidir, bir oğlu var.

Milli.Az