“Ehtimallar çoxdur, hərə bir söz danışır” - Elgünün yaxınları - VİDEO - FOTO

16 May 2025 21:22

21:22

Gəncədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun yaxınları danışıblar.

Milii.Az-ın məlumatına görə, onlar Elgünün məktəbdə nümunəvi şagird olduğunu bildiriblər.

"Anası xəstə adamdır, pis vəziyyətdədir. Xəstəxanadan zəng gəldi. Gedəndə gördük ki, onu vəhşicəsinə döyüblər. Şərəf lövhəsində şəkli olan, nümunəvi uşaq idi. Cinayətkarların tutulmasını, başqa uşaqların, anaların başına bunun gəlməməsini istəyirik", - mərhumun qohumu Samirə Zeynalova söyləyib.

Mərhumun dayısı bildirib ki, araşdırmalarının yekununu gözləyirlər:

"Hamı balasını çölə buraxmağa qorxur. Ehtimallar çoxdur, hərə bir söz danışır".

Dostları isə deyir ki, Elgün heç vaxt mübahisəyə girən, davakar biri olmayıb. (baku.tv)

-------------
15:52

Xəbər verdiyimiz kimi, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib.

Milii.Az xəbər verir ki, "qafqazinfo"nun əməkdaşı E.İbrahimovun yaralı halda tapıldığı ərazidə olub.

Görüntülərdən ərazinin nəzarətsiz olması məlum olur və cinayət hadisəsinin törədilməsi üçün cəlbediciliyi diqqət çəkir.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdın sağlamlığa ağır zərər vurma - ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb və istintaq tədbirləri davam etdirilir.

Elgünün tapılığı yerdə deyil, başqa yerdə xəsarət alması və daha sonra oraya gətirilməsi, eləcə də digər versiyalar nəzərdən keçirilir.

Milli.Az