Xalq artisti, həkim-cərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

15 May 2025 18:00

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti, həkim-cərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə açaraq unudulmaz tarzənin yaradıcılığından söz açıb, müasir tar ifaçılığında xidmətlərini vurğulayıb.  Bildirib ki, öz məktəbini yaratmış görkəmli tarzənin müstəsna xidmətlərindən biri də tar alətini solist kimi ön plana çıxarmağıdır.  Bununla da o, solo-virtuoz potensialını parlaq şəkildə göstərməyə nail olmuşdur.  Hacı Məmmədovun sənətkarlığının əsas xüsusiyyəti emosionallıq və virtuozluq kimi keyfiyyətlərin qovuşmasından ibarət idi. Tarzən eyni zamanda bəstəkar əsərlərinin mahir ifaçısı kimi tanınıb. Hacı Məmmədov tarın texniki və melodik imkanlarının genişliyini, zənginliyini öz ifalarında ustalıqla əks etdirib. Yubiley gecəsində ustad tarzənin ifalarından fraqmentlər təqdim edilib.  Eyni zamanda  Əməkdar artist, tarzən Sahib Paşazadənin Bursa Dövlət Bölgə Simfonik Orkestri ilə çıxışından bir hissə nümayiş olunub. Konsertdə  Hacı Xanməmmədovun Tar və orkestr üçün 2 nömrəli konserti (Hacı Məmmədova həsr olunub)ifa olunub.

Yubiley gecəsində ustad tarzənin ifalarından fraqmentlər nümayiş olunub.  Xalq artistləri, tarzən Ramiz Quliyev və Vamiq Məmmədəliyev, son tələbələrindən olan tarzən Mirxalid Salayev çıxış edərək xatirələrini bölüşüblər, unudulmaz tarzənin həyat yolundan, tar ifaçılıq sənətimizin inkişafındakı xidmətlərindən danışıblar.
Bədii hissədə Xalq artistləri Malik Mansurov, Elçin Həşimov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Vüsal İsgəndərzadə, tarzənlər Elman Sadıqov, Ayaz İmranov, Bəhruz Zeynal, Humay Qədimova, Mirhüseyn Əsədullayev gənc tarzən Mirnofəl Həsənov, xanəndələr Əməkdar artist Qoçaq Əsgərov və Abgül Mirzəliyev çıxış edib.

Tədbirdə tarzənin ailəsi adından nəvəsi Cahangir Məmmədov çıxış edərək babasının xatirə gecəsinin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.

Qeyd edək ki, milli ifaçılıq sənətimizin ən parlaq nümayəndələrindən biri olan görkəmli tarzən  Hacı Məmmədov 28 aprel 1920-ci ildə Şamaxıda doğulub. Sənətkarın ifaçılığı ayrıca bir məktəb kimi səciyyələndirilir. Tarzən yaradıcılığı boyu sənətin incəliklərinə dərindən yiyələnib, öz fərdi ifaçılıq üslubuna nail olub. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük tarzənlərin sənət məktəbindən dərs alan Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda dəfələrlə müşayiət edib. Onun zəngin ifaçılıq istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə bacarığı musiqisevərlərin könlünü oxşayıb.
Görkəmli tarzən1963-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. İfasında "Orta Mahur", "Segah", "Çahargah", "Zabul", "Şur" muğamları, xalq musiqisi və bəstəkar əsərləri Azərbaycan Televiziya və Radiosunun Fondunda qorunub saxlanılır.  Unudulmaz tarzən Hacı Məmmədov 1981-ci il 2 avqustda vəfat edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az