Fransada islamofobiya ilə mübarizə aparanlara qarşı təzyiq - Saxlanılanlar var

15 May 2025 14:07

Fransada fəaliyyət göstərən "Avropada İslamofobiya ilə Mübarizə Kollektivi"nin (CCIE) beş üzvü saxlanılıb.

Milli.Az fransa mətbuatına istinadla xəbər verir ki, onlar Fransa hakimiyyəti tərəfindən 2020-ci ildə buraxılan "Fransada İslamofobiya ilə Mübarizə Kollektivi"nin (CCIF) fəaliyyətini gizli şəkildə davam etdirməkdə şübhəli bilinir.

Onlar "Val-d'Oise" bölgəsində yerləşən Thillay şəhərində həbs olunublar. Bu həbslər keçmiş daxili işlər naziri Gerald Darmaninin 2023-cü ilin oktyabrında etdiyi rəsmi xəbərdarlıqdan sonra həyata keçirilib. Hazırda istintaq çərçivəsində iki başqa şəxsin də axtarışda olduğu, onların isə hazırda Əlcəzair və Mərakeşdə olduğu bildirilir.

Fransa hökuməti CCIF-i 2020-ci ildə "terrorçuluğa təhrik və ayrı-seçkiliyə çağırış" səbəbilə buraxmışdı. Həmin vaxt təşkilat müəllim Samuel Paty-nin qətlinə dolayı yolla bağlı olmaqda da ittiham olunurdu.

Qeyd edək ki, CCIF təşkilatı 2021-ci ilin fevralında yayımladığı bəyanatda Fransa dövlətinin onları hədəf aldığını iddia etmiş, bir çox hüquqi və media resurslarını yeni kollektivə ötürdüklərini açıqlamışdı.

Milli.Az