Fələstin lideri Türkiyəyə gedir
31 May 2010 18:59
Bunu Fələstinin Türkiyədəki səfiri Nebil Maruf deyib. Onun sözlərinə görə, Fələstin tərəfi İsrail Hərbi Dəniz Donanmasının Qəzza bölgəsinə humanitar yardım daşıyan gəmilərə hücumunu pisləyir. Nebil Maruf bu addımı "dövlət səviyyəsində terror" adlandırıb. O, məlumat verib ki, Mahmud Abbas Türkiyə Prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Tərəflər vəziyyəti dəyərləndiriblər və Mahmud Abbasın Türkiyəyə səfəri zamanı İsrailin son addımı geniş şəkildə müzakirə ediləcək.
Səfir bildirib ki, İsrailin humanitar yardım gəmilərinə hücumu gözlənilməz olub: "Heç kim belə bir qanlı hücumu gözləmirdi. Bizim ən çox gözlədiyimiz yardımların müsadirə edilməsi və insanların öz ölkələrinə göndərilməsi idi".
Fələstin muxtariyyətinin lideri Mahmud Abbas isə Fələstin televiziyasına açıqlamasında İsrailin hücumunu soyqırımı kimi qiymətləndirib. Bu axşam Fələstin administrasiyasının fövqəladə toplantısının keçiriləcəyi gözlənilir.
Milli.Az