ABŞ Səfirliyi təhsil sərgisi keçirəcək

15 May 2025 10:17

ABŞ-nin Azərbaycandakı Səfirliyi təhsil sərgisi keçirəcək.

Bu barədə Səfirlik məlumat yayıb.

"ABŞ-nin Azərbaycandakı Səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almaqda maraqlı olan orta məktəb və universitet tələbələri, həmçinin onların valideynləri üçün EducationUSA Məzun Sərgisini unikal fürsət kimi elan etməkdən məmnundur.

Bu ictimai tədbirdə Azərbaycan məzunları və Səfirlik nümayəndələri tərəfindən təmsil olunan 30-dan çox məzun stendi olacaq və burada ABŞ səfirliyinin mübadilə proqramları ilə yanaşı, Amerika universitetləri və elmdən incəsənətə, biznesə və ictimai siyasətə kimi akademik sahələr nümayiş etdiriləcək.

Sərgi tələbələrə və valideynlərə ABŞ-də təhsil, o cümlədən bakalavr, magistratura və mübadilə proqramları haqqında birbaşa məlumat almaq üçün dəyərli fürsət təqdim edir. Səfirliyin konsulluq işçiləri də tələbə vizaları ilə bağlı məlumatları bölüşmək üçün iştirak edəcəklər. Müvəqqəti işlər vəkili Hüqo Qevara açılış nitqi ilə çıxış edəcək", - səfirlikdən bildirilib.

Qeyd edilib ki, sərgi 17 may şənbə günü saat 11:00-dan 14:00-a Landmark-ın Rotunda zalında baş tutacaq.

Əlavə edilib ki, son illər ABŞ-də təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb:

"2023-2024-cü tədris ili ərzində ABŞ-nin ali təhsil müəssisələrində 1,130 azərbaycanlı tələbə təhsil alıb ki, bu da əvvəlki illə müqayisədə 25,4 faiz çoxdur.

Səfirliyin ingilis dili və təhsil mübadilə proqramlarında çoxlu azərbaycanlı tələbələr iştirak edir. 1993-cü ildən bəri ABŞ hökuməti tərəfindən maliyyələşdirilən 50-dən çox mübadilə proqramında 8,000-dən çox azərbaycanlı iştirak edib.

Tələbələr ABŞ universitetlərinə qəbul və maliyyə yardımı ilə bağlı valideynlərə və tələbələrə məsləhət verən EducationUSA məsləhətçiləri ilə ödənişsiz, fərdi məsləhətləşmələr apara bilərlər. Əlavə məlumat və EducationUSA Məzun Sərgisi üçün qeydiyyatdan keçmək üçün, Alumni Fair 2025 I EducationUSA Azerbaijan səhifəsinə daxil ola bilərsiz və ya [email protected] emaili ilə əlaqə saxlaya bilərsiniz".

Milli.Az