Xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO

14 May 2025 13:19

Beynəlxalq Muğam Mərkəzində Əməkdar müəllim, xanəndə Nəriman Əliyevin 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Gecədə xanəndənin həyat və yaradıcılığından söz açılıb.

AYB-nin katibi, yazıçı-dramaturq İlqar Fəhmi xanəndənin pedaqoq kimi muğam sənətimizə verdiyi töhfələrdən söz açıb.

Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev , Xalq artisti Vamiq Məmmədəliyev Nəriman Əliyevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, unudulmaz xanəndə və pedaqoq Nəriman Əliyev Seyid Şuşinskinin xanəndəlik sinfində təhsil alıb, ustaddan muğamın sirlərini öyrənib, pedaqoq kimi müəlliminin metodlarını mənimsəyib.

Nəriman Əliyev 1965-ci ildən 1997-ci ilə kimi məzunu olduğu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyib. Nəriman Əliyev pedaqoqluq fəaliyyəti ərzində çoxlu xanəndələr yetişdirib. Ustad-xanəndənin 95 illik yubileyinə həsr olunan gecədə tələbələri, Xalq artistləri Səkinə İsmayılova, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Əməkdar artist Ruzə İbişova, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndə-pedaqoq Sabir Abdullayev muğam və təsniflərdən ibarət konsert proqramı təqdim edib. Nəslin davamçısı olan beynəlxalq və respublika müsabiqələri laureatları , kamança ifaçısı Mehri Əsədullayeva çıxış edib.

Xanəndələr unudulmaz müəllimlərini dərin ehtiramla yad edərək vurğulayıblar ki, bu gün muğam sənətimizi səviyyəli şəkildə təqdim edən xanəndələrin ərsəyə gəlməsində onun rolu danılmazdır. Təsadüfi deyil ki, Nəriman müəllim xanəndəlik məktəbinə böyük bir xanəndə ordusu bəxş edib. Onların əksəriyyəti indi yüksək fəxri adlara layiq görülən tanınmış xanəndələrdir.

Qeyd edək ki, Nəriman Əliyev 5 may 1930-cu ildə Bakıda dünyaya göz açıb. Onun xanəndə kimi fəaliyyətinə və formalaşmasına 1956-cı ildə Seyid Şuşinski ilə tanış olmağı böyük təsir göstərir. O, S.Şuşinskinin xanəndəlik sinfində təhsil alır, ustaddan muğamın sirlərini öyrənir, pedaqoq kimi müəlliminin metodlarını mənimsəyir.

Nəriman Əliyev 1965-ci ildən 1997-ci ilə kimi məzunu olduğu Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyir.

Nəriman Əliyev pedaqoqluq fəaliyyəti ərzində çoxlu xanəndələr yetişdirib. Onlar sırasında Xalq artistləri Qəndab Quliyeva, Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Səkinə İsmayılova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zümrüd Məmmədova, Teyyub Aslanov, Mələkxanım Əyyubova, Qəzənfər Abbasov, Gülyanaq Məmmədova və başqalarının adını qeyd etmək olar.

Xanəndə 1960-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1988-ci ildə Muğam Teatrına məsləhətçi kimi dəvət edilir. Azərbaycan Televiziyasının fondunda onun ifasında "Rast", "Bayatı-Şiraz", "Rahab", "Mahur-hindi", "Çahargah", "Şur", "Mənsuriyyə", "Mani" muğam və təsniflərinin, xalq mahnılarının lent yazısı saxlanılır.

Əməkdar müəllim, xanəndə Nəriman Əliyev 1998-ci il aprelin 28-də vəfat edib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az