440 il əvvəl ölmüş Müqəddəs Terezanın tabutu açıldı – Bədəni hələ də çürüməyib - FOTO

13 May 2025 16:00

1582-ci ildə vəfat etmiş Müqəddəs Avila Terezanın cəsədi 109 ildən sonra ilk dəfə açılıb.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, onun bədəni "çürüməmiş", üzü isə "aydın görünən" vəziyyətdə qalıb.

İspaniyanın Salamanca vilayətindəki Alba de Tormes şəhərindəki monastırda nümayiş etdirilən müqəddəsin tabutu ötən il açılıb və onun qorunub saxlanma vəziyyəti mütəxəssisləri heyrətə salıb.

Terezanın bədəni marmor örtüklü gümüş tabutda saxlanılır və tədqiqatçılar onun bədənində hansı dəyişikliklərin baş verdiyini öyrənmək üçün müayinələr aparır. Müqəddəsin üzündəki bəzi izlər hələ də seçilir, ayaqlarında isə "kalsium tikanları" aşkarlanıb. Həkimlər bu tikanların onun dini təvazökarlığı səbəbindən çəkdiyi fiziki əzablardan xəbər verdiyini düşünür.

Tədqiqatlar zamanı Terezanın keçmişdə yaşadığı sağlamlıq problemləri - başgicəllənmə, qıcolmalar və qarın ağrıları - də yenidən gündəmə gəlib. Tereza özü bu halları Tanrı ilə mistik bağlılıq kimi izah etmişdi.

Müqəddəs Avila Tereza (1515-1582) ispan rahibə, mistik, yazıçı və Katolik Kilsəsinin görkəmli simalarından biridir. O, İspaniyanın Avila şəhərində anadan olub və "Diskalsed Karmelitlər" ordeninin islahatçısı kimi tanınıb.

Tereza ruhani həyatı boyunca dərin mistik təcrübələr yaşamış, dualar və vəhydən ilham alaraq dini mətnlər qələmə almışdı. Onun ən məşhur əsərləri "Daxili qalalar" və "Həyat hekayəsi" adlı avtobioqrafik yazılardır. Bu yazılar həm dini ədəbiyyatda, həm də mistik fəlsəfədə xüsusi yer tutur.

O, 1582-ci ildə vəfat etdikdən sonra cəsədinin çürüməməsi və bəzən bədənindən "müqəddəs qoxu" gəlməsi xəbərləri yayılmış, bu səbəbdən də "çürüməmiş müqəddəs" (incorrupt saint) kimi tanınıb.

Katolik dünyasında müqəddəs sayılan Tereza 1622-ci ildə kanonlaşdırılıb və 1970-ci ildə Kilsənin qadın doktoru elan edilib. Cəsədinin "çürüməmiş" qalması bir çox dindar tərəfindən Tanrının möcüzəsi kimi dəyərləndirilir. Hazırda bədən mütəxəssislər tərəfindən araşdırılır və nəticələrin aylardan sonra açıqlanacağı gözlənilir.

İsmayıl
Milli.Az