Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Azərbaycanda faciə

12 May 2025 20:05

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Fəyyaz Talıbov kənd ərazisindən keçən yolda aldığı xəsarətlərdən vəfat edib.

Belə ki, hadisədən əvvəl F.Talıbov özünə məxsus "Mercedes Vito" markalı avtomobili digər nəqliyyat vasitəsinə qoşaraq ustaya aparmaq istəyib. O, özü yedəyə alınmış avtomobilinin sükanı arxasına əyləşib və yola çıxıblar. Lakin kənd ərazisində hərəkətdə olarkən xüsusi trosla qarşıdakı avtomobilə bərkidilmiş "Mercedes Vito" idarəetmədən çıxıb.

Bunu görən Fəyyaz maşının aşacağını düşünərək avtomobilin qapısından özünü atmaq qərarına gəlib və belə də edib. O, yolun hərəkət hissəsinə düşüb və bu zaman əks tərəfdən gələn digər "Mercedes" markalı avtomobil 35 yaşlı Fəyyazı vurub. F.Talıbov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bildirilir ki, yolun ortasında qalmış F.Talıbovu vuran avtomobilin sürücüsü Osman Gözəlov hadisə yerindən yayınıb. O, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb və Masallıya aparılaraq istintaqa təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Milli.Az