Milli Gənc Tamaşaçılar Teatrı Qazaxstanda “MONOFEST” teatr festivalında iştirak edəcək - FOTO

12 May 2025 17:30

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "Kontrabas" monotamaşası ilə 
Qazaxstanın Kostanay şəhərində keçirilən "MONOFEST" teatr festivalına yola düşür. 

Teatr festivalı 12-19 may tarixlərində keçiriləcək. Mayın 16-da nümayiş olunacaq "Kontrabas" tamaşasının quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova, ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera "ulduzuna" vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. 

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Milli.Az