Ukrayna Rusiya ilə hansı şərtlə razıdır?

12 May 2025 17:23

Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq illərdir ki, həm regionda, həm də bütün dünyada ciddi narahatlıq doğurur. Münaqişənin yaratdığı humanitar və siyasi böhran hər iki ölkəni, eləcə də beynəlxalq ictimaiyyəti çıxış yolları axtarmağa vadar edir. Son zamanlar tərəflər arasında diplomatik masaya dönmək ehtimalı bir qədər də güclənib.

Milli.Az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Moskva ilə Kiyev arasında danışıqların gecikdirilmədən mayın 15-də İstanbul şəhərində keçirilməsini təklif edib.

Kreml rəhbəri bu təşəbbüsünü paytaxt Moskvada təşkil olunan mətbuat brifinqi zamanı bəyan edib.
"Biz təklif edirik ki, müzakirələr dərhal - gələn cümə axşamı, yəni mayın 15-də, əvvəllər də baş tutmuş İstanbulda başlasın. Danışıqlar məhz orada yarımçıq qalmışdı. Türkiyə tərəfi də bu məsələdə dəfələrlə vasitəçi olmağa hazır olduğunu bəyan edib və Prezident Rəcəb Tayyib Ərdoğanın bu prosesin bərpası üçün ciddi səyləri olub", - deyə Putin bildirib.

O, danışıqlar üçün şərait yaradılması məqsədilə türkiyəli həmkarına rəsmi müraciət edəcəyini də vurğulayıb.

Ukrayna da dialoqa hazır olduğunu bəyan edib. Bununla belə, Kiyev tərəfi bu prosesin başlaması üçün ilkin şərt irəli sürüb - Moskva mayın 12-dən etibarən atəşkəs elan etməlidir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya liderinin İstanbulda birbaşa danışıqlarla bağlı səsləndirdiyi təklifə cavab olaraq, özünün "Telegram" kanalında açıqlama yayıb.
Zelenski rus tərəfinin sülh barədə düşünməsini "ümidverici bir jest" kimi dəyərləndirib. O əlavə edib ki, istənilən silahlı qarşıdurmaya son qoyulmasının ilkin və zəruri şərti atəşkəsin təmin olunmasıdır.

Asya
Milli.Az