Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı

10 May 2025 10:43

Azərbaycanda bank kartlarından oğurluq hallarının artdığı bir vaxtda maliyyə sahəsində uzun illər çalışmış bir mütəxəssisin başına gələn hadisə cəmiyyət üçün ciddi siqnal rolunu oynayır.

Milli.Az xəbər verir ki, uzun illər bank sahəsində çalışmış Ayaz Abdullayev bildirir ki, kartda pul saxlamaq artıq risklidir:

"Pulu kartda yox, hesabda saxlayın. Yoxsa bir gecə yuxudan oyananda pul artıq yoxdur. Bank kartım heç bir zaman istifadəyə verilməyib. Hətta nə bankomata salınıb, nə onlayn alış-verişdə istifadə olunub, nə də üçüncü şəxslərlə paylaşılıb. Kart evdə, təhlükəsiz yerdə saxlanılıb və 3D Secure funksiyası da aktiv olub. Lakin buna baxmayaraq, bir gün kart balansına əlavə olunan 70 manat gecə saatlarında üç ayrı Google Pay ödənişi ilə yoxa çıxıb".

O bildirib ki, oğurluq hallarının bilinən yolları bankomatlara quraşdırılan oxuyucu cihazlar, saxta saytlar, kart məlumatlarının fiziki və ya rəqəmsal oğurluğu bu hadisədə iştirak etməyib. Kartın heç bir platformada qeyd olunmaması bank səviyyəsində sızma ehtimalını gücləndirir:

"Əgər bu kartla ödəniş etmiş olsaydım, konkret hansı 'gateway'dən məlumat sızdığını deyə bilərdim. Amma bu kart heç bir əməliyyatda iştirak etməyib. Deməli, problem daha dərindir", - deyə o bildirir. O qeyd edib ki, ən narahatedici məqam isə bankın reaksiyasıdır: "Google-a yaz şikayətini". Lakin Google-un cavab verəcəyi və ya pulu geri qaytaracağına heç bir zəmanət yoxdur.

Bəs bu kimi hallardan qorunmaq üçün çıxış yolu nədir?

"Pulu kartda deyil, birbaşa bank hesabında saxlayın. Xarici ödənişləri tamamilə deaktiv edin. Yalnız rəqəmsal kart yaradın və Apple Pay, Google Pay üçün ondan istifadə edin. Kartda 3D Secure funksiyası aktiv olsa da, buna güvənməyin - bir çox xidmət saytları bu funksiyanı avtomatik ləğv edir. Kart məlumatlarını bank işçiləri ilə belə paylaşmayın".

Qeyd edək ki, bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Aysel Əkbər
Milli.Az