ABŞ-da yaşamaq arzusu bir çox azərbaycanlının məqsədləri arasında olsa da, bu arzuya çatmaq üçün tək yol "qrin kart" deyil. ABŞ-da uğur qazanan azərbaycanlıların əksəriyyəti bu ölkəyə məhz alternativ yollarla köç ediblər.
Bəs alternativ yollar hansılardı?
Məsələ ilə bağlı Milli.Az-a Amerikada yaşayan hüquqşünas Cavid Rəhimli açıqlama verib:
O bildirib ki, əsas faktor şəxsi inkişaf, peşəkar bacarıqlar və məqsədyönlü çalışmaqdır.
"ABŞ-da yaşamaq üçün dörd əsas yol mövcuddur və bunlar üçün şansa deyil, ciddi hazırlığa və iradəyə ehtiyac var:
Təhsil: ABŞ-da xüsusilə doktorantura səviyyəsində təhsil alan tələbələr üçün çoxsaylı təqaüd imkanları mövcuddur. Bu proqramların əksəriyyəti tam maliyyələşdirilir.
İnvestisiya: İlkin olaraq 70 min dollarlıq sərmayə yatırmaqla ABŞ-da yaşamaq mümkündür. Bu imkan ailə üzvlərini də əhatə edir.
O-1 vizası: Elm, idman, incəsənət və ya biznes sahəsində xüsusi istedad və nailiyyətləri olan şəxslər bu viza vasitəsilə ABŞ-a gedə bilərlər.
İş imkanları: ABŞ-da iş tapmaq çətin olsa da, ölkədə təhsil almış və ya möhkəm beynəlxalq əlaqələri olan şəxslər üçün bu yol da açıqdır".
Hüquqşünas qeyd edir ki, bu yollarla ABŞ-a köçən insanlar, istənilən ölkədə uğur qazanmaq potensialına malikdirlər. Lakin ABŞ-ın geniş bazarı və çoxsaylı imkanları bu uğurun daha sürətli və effektli şəkildə əldə olunmasına şərait yaradır. Eyni zamanda vurğulanır ki, sahəsində beynəlxalq səviyyədə tanınmamış şəxslər üçün ABŞ-da peşəkar fəaliyyətə başlamaq asan deyil və yenidənqurma üçün maliyyə və səbr tələb olunur.
Aysel Əkbər
Milli.Az