Hindistanla Pakistan arasında gərginlik artdı - Şiddətli döyüşlər gedir

10 May 2025 09:31

Hindistan və Pakistan arasında uzun illərdir davam edən sərhəd münaqişəsi yenidən hərbi qarşıdurmaya çevrilib. Bir neçə saatlıq nisbi sakitlikdən sonra tərəflər arasında döyüşlər yenidən başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Əl Cəzirə" telekanalı yayıb.

Bildirilir ki, Kəşmir bölgəsində yerləşən Kupvara, Panç, Uri və Samba istiqamətlərində nəzarət xətti boyunca ağır artilleriya atəşləri qeydə alınıb. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Sərhəd bölgəsində yaşayan mülki əhali üçün vəziyyət son dərəcə gərgindir. Yerli mənbələrin verdiyi məlumata görə, minlərlə insan döyüşlərdən sığınmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb. Qorxu və qeyri-müəyyənlik içində yaşayan sakinlər humanitar yardım və təhlükəsizlik təminatı gözləyir.

"Reuters" agentliyi isə Hindistanın Kəşmir bölgəsində, xüsusilə Şrinaqar şəhəri yaxınlığında yerləşən hava limanı ətrafında 10-a yaxın partlayışın baş verdiyini bildirib. Partlayışların səbəbi və nəticələri barədə hələlik rəsmi məlumat verilməyib.

Xatırladaq ki, Hindistan və Pakistan arasında gərginlik əsasən Kəşmir bölgəsinə görədir. Hər iki ölkə bu ərazi üzərində suverenlik iddia edir və bu səbəbdən tez-tez sərhəd xətti boyunca silahlı toqquşmalar baş verir.

Hazırda bölgədə beynəlxalq ictimaiyyətin diqqəti artmaqdadır. Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar tərəfləri təmkinə və danışıqlara çağırırlar.

Kənan
Milli.Az