“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

8 May 2025 13:46

YUNUS OĞUZ

Əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/sosial/592484

Bu iqtibasa artıq şərh yoxdur, çünki qadınların siyasi hakimiyyətdə rolu XII əsrdə göz qabağındadır.

Daha sonra salnaməçi yazır: "Möminə xatun Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi, dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar".

Bir cümlə də törənin pozulması haqqında

O zaman Rey hakiminin qızı İnanc xatunun əvvəlcə Cahan pəhləvana, sonra da Qızıl Arslana ərə getməsi, onlara qarşı ədavət aparması, düşmənlərlə əlaqəyə girməsi, xaşxaşilərdən dəstək alması son nəticədə  Azərbaycan  Atabəylər dövlətinin suqutuna səbəb oldu. "Ər ordu qurar, qadın dövlət!" Möminə xatun dövlət qurdu, İnanc xatun onu dağıtdı.

Daha üç qadın haqqında

Təəssüflər olsun ki, islam ehkamları orta əsrlərdə daha da irticalaşdı, qadına yaınız uşaq dünyaya gətirmək prizmasından baxırdılar. Bu da min illərlə qorunub saxlanan törələrin pozulmasına gətirib çıxartdı. Orta əsrlərdə artıq qadın cəmiyyətin tamhüquqlu üzvü deyildi, siyasi  hakimiyyətin hətta müzakirəsində iştirak edə bilməzdi. Hakimlər, şahlar, sultanlar qız övladlarını kimlərləsə qohum olmaq üçün  bu və ya digər şəkildə istifadə edirdilər ki, ya özləri güclənsinlər, ya da onların arxasında hansısa güclü bir şəxs dayansın, hakimiyyətini itirməsin. Ancaq istisnalar da vardı.

Saray (Sara) xatun

Bu xatunun mənşəyinə gəlincə, öncədən qeyd etmək lazımdır ki,  Azərbaycanın ilk diplomat qadını Uzun Həsənin atası Əli bəyin əmisi qızıdır, atasının da adı Pirəli Bayandurdur.

Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, gərəksirsə həyata keçirir, bəzən isə bu "həyata keçirmə" Saray xatunun təkidilə olurdu. Xatun çox ağıllı, məntiqli və müşahidəçi idi. O xarici ölkələrin diplomatları ilə görüşür, onların özləri də bilmədən aldığı informasiyaları təhlil edib oğluna göndərirdi. Həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı sultanı Fateh II Mehmet ilə danışıqlar aparmaq və Ağqoyunlu dövlətinin mənafeyini uğurla müdafiə etmişdir. Onu təkcə Şərqdə deyil, həm də Avropada yaxşı tanıyırdılar. Venesiya respublikasının senatı Ağqoyunlu dövlətinə təşrif buyuran diplomatlara göstəriş vermişdi ki,  hökmən Saray xatunla görüşsünlər və ona qiymətli hədiyyələr versinlər.

Bir diplomat kimi Saray xatunun II Mehmet ilə xüsusi əlaqələri mövcud olub. 1461-ci ildə, o II Mehmet arasında sülh müqaviləsinin bağlanmasının böyük əhəmiyyəti var idi və bu müqavilə sultanı Ağqoyunlu dövlətinə hücumdan imtinaya məcbur  etdi. Mənbələr qeyd edirlər ki, sultan və xatun bir-birlərinə "ana" və "oğul" deyə müraciət edirlərmiş.

Eyni zamanda, iki dövlət arasında razılığa gəlindi ki, Osmanlı ordusunun  Trabzona hücumu zamanı Ağqoyunlular bitərəf qalacaq, belə də oldu. Saray xatun sultanı Trabzona hücumdan çəkindirə bilmir. Hələ bu azmış kimi, o, bu diplomat qadını özü ilə Trabzon yürüşünə götürür. Şəhərin 30 günlük mühasirəsindən sonra 26 oktyabr 1461-ci ildə Trabzon fəth olunur. Lakin burada da Saray xatun sakit durmur. O Trabzonun əldən getdiyini görən kimi gəlini Dəspinə xatunun taxta varislik hüququnu yada salır. Görünür sultan ağqoyunlularla münasibətləri kəskinləşdirməmək üçün ona xoş rəftar göstərmiş, çoxlu və bahalı hədiyyələrlə geri qaytarmışdır.

Saray xatun Teymuri  hökmdarı Əbu Səidlə danışıqlar aparmaq üçün diplomatik heyətə başçılıq etmişdir.

Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani yazır ki, Saray xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq üçün onun yanına gəlmişdir. O Rüstəm Tərxanın düşərgəsində olmuş və müşahidələr apararaq qənaətə gəlmişdir ki, bu iki dövlətin arasında qüvvələr nisbəti Ağqoyunluların xeyrinədir.

Saray xatun Misirə də getmiş,  ağqoyunlularla ittifaq müqaviləsi bağlayıb, gələcək siyasətlərini daha da aydın müəyyənləşdirmişdi. Onun 1465-ci ildə vəfat etdiyi güman edilir.

Şah İsmayılın qızı, Təhmasibin bacısı Pərixan xanım

Bu xanım o qədər ağıllı və məntiqli idi ki, çox zaman onun yanına məsləhətə gəlir, fikirlərini və tövsiyyələrini dinləyirdilər. Onun qəbul otağı isə Şah İsmayılın yaratdığı, dünyanın hər yerindən gətirtdiyi kitabların saxlandığı   kitabxana idi. Şah Təhmasib də bibisini o qədər çox sevirdi ki, bir an gözündən buraxmaq istəmirdi. Lakin tale bu xanım üçün başqa plan hazırlamışdı. Şirvanşahlarla səvəfilərin münasibətləri getdikcə daha da dərinləşir və qohumluq əlaqələrinə keçirdi. Belə ki, 1523-cü ildə Şah İsmayil qızı Pərixanı Şeyxşahın oğlu Sultan Xəlilə nişanladı, özü isə onun qızına evləndi. Lakin hər şey  sonuncu Şirvanşah Şahrux ibn Fərrux Yasarın hakimiyyətə gəlməsilə dəyişdi. Belə ki, sonuncu şah  Sultan Süleymana meyillənməsini sarayda bilməyən yox idi. Hələ Ağqoyunlu sultanı Uzun Həsənin bacısı Xədicə ilə Şeyx Heydər evlənəndə hökmdar ona mülk kimi Şirvanı bağışlamışdı. Lakin, istər Şeyx Heydərin, istərsə də oğlu Şeyx Güneydin Şirvana yürüşləri ugursuz olmuş, hər ikisi də burada öldürülmüş və Şirvanda da dəfn edilmişdi. Pərixan  xanım hadisələrin qızılbaşların xeyrinə getmədiyini bütün varlığı ilə hiss edib Şah Təhmasibə xəbər göndərmiş və özü də hazırlıqlara başlamışdı. Doğrudur, Şah İsmayıl hələ şah elan olunmamışdan əvvəl (1501) Bakını tutmuş, Gülüstan qalasını mühasirəyə almışdı. Lakin Təbrizdə hadisələrin dəyişməsi və Lələsi Hüseynin də dediyi "sənə Gülüstan lazımdır, yoxsa Azərbaycan" sözlərini nəzərə alaraq mühasirəni çəkmiş, özünü Təbrizdə şah elan etmişdir. İndi Səvəfi xanədanı babalarının mülklərini geri qaytarmaq və dövlətə birləşdirmək üçün əla fürsət yaranmışdı. Pərixanın birbaşa başçılığı və təşkilatçılığı ilə  əvvəl Salyanda, sonra Şamaxıda, daha sonra isə Sarayda üsyan və çevriliş başladı. Pərixanın qardaşı şahzadə Əlqas Mirzə Şamaxıya girənə qədər sonuncu  şah Şirvanşah ibn Fərrux Yasar artıq devrilmişdi. 1538-ci ildə Şirvanşah Səfəvilər dövlətinə birləşdirildi. Əlqas Mirzə isə Şirvanın bəylərbəyi təyin edildi. Eyni hadisə Pərixan xatunun təşkilatçılığı ilə Şəki xanlığının hakimiyyətinə, son (1542) qoyuldu və bu xanlıq da qızılbaşlar dövlətinin bir parçası oldu. Təəssüf ki, bu ağıllı qadının sonrakı fəaliyyəti və ölümü haqqında mənbələrdə heç nə yazılmır.

Pərixan xatun (şah Təhmasibin qızı)

Bəlkə də bu qadın atasından sonra hakimiyyətə gəlsəydi, daha uzun illər Səfəvi xanədanl şahlıqda qalacaq, istənilən hadisələri önləyə biləcəkdi. Nə yazıqlar ki, yuxarıda qeyd etdiyim kimi, islam dövründə artıq qadının hüquqları kifayət qədər azalmış, törələr pozulmuşdu. Orta əsrlər islam dövründə, hətta Oğuz bəyləri törələrin deyil, dinin əsirinə çevrilmişdilər. Hələ uşaqlıqdan şah Təhmasib sevimli bacısının adını verdiyi qızına məntiqi və cəsarətli fikirlərinə görə ilk dəfə idi ki, qadın cinsindən olan bir kəsə divanın iclaslarında iştirak etmək hüququ vermişdi. 

Divanın iclaslarına törələrə uyğun olaraq, türk qaydaları ilə geyinib gələrdi.

Ümumiyyətlə, bu xatun heç zaman islam ehkamlarına boyun əymədi, həyatını  hərəmxanada keçirməklə kifayətlənmədi. 1576-cı ildə (deyilənə görə zəhərlənmiş) Şah Təhmasib dünyasını dəyişəndə bir günlük padişah ölmüş Heydər Mirzəni məhz Pərixan xatun devirmiş və hakimiyyətə atası tərəfindən on səkkiz il altı ay Qəhqəhə qalasında saxlanılan II şah İsmayılı gətirmişdir.

Təbiidir ki, divanın üçdə iki hissəsi Pərixan xatunun tərəfində durmasaydı, çərkəz qızından olan Heydər Mirzənin hakimiyyəti çox uzun çəkəcəkdi. Lakin Pərixan xatunun fikrincə, atası haqsızlıq etmiş,  ata və anadan bir olan İsmayılı varis təyin etməmişdi. Bu qadının əsas  qayəsi o idi ki, atadan və anadan bir olan  və  hər ikisi türk əsilli şahzadə taxta yiyələnə bilərdi. Belə də oldu. Ərdəbil şeyxlərinin də köməyi ilə şah Təhmasibin ikinci oğlu ikinci  İsmayıl şah elan olundu. Lakin Pərixan xatunun şahdan gözləntiləri özünü doğrultmadı. İkinci şah İsmayıl uzun müddət Qəhqəhə qalasında saxlandığı üçün psixikası pozulmuşdu. Taxta yiyələnən kimi bütün şahzadələrin boynunu vurmağı əmr etdi. Bundan yalnız doğma qardaşı Məhəmməd və onun oğlanları xilas oldu. On səkkiz aylıq hakimiyyəti dövründə hətta yeni sikkələr buraxdırıb "Əli" sözünü oradan çıxartdı. Artıq başkənd Qəzvində (şah Təhmasib səfəvi və osmanlılar arasında ilk dəfə olaraq 1555-ci ildə sülh müqaviləsi bağladı, elə həmin ildə paytaxtı Təbrizdən Qəzvinə köçürdü) narazılıqlar baş alıb getdi. Pərixan xatun bunun qarşısını almasaydı,  ölkədə başıpozuqluq baş alıb gedərdi. Bu arada II şah İsmayıl onu hakimiyyətə gətirən qadına da iradlar bildirməyə başlamışdı. Kifayət qədər qürurlu olan xatun bütün olanlara dözə bilməzdi. Qardaşı  növbəti kef məclislərindən birində qəlyan çəkərək zəhərləndi. Ölkədə qarışıqlıq yaranmasın deyə  Pərixan xatun böyük qardaşı Məhəmmədi hakimiyyətə gətirdi. Lakin onun arvadı, şər ocağı sayılan fars əsilli Xeyranisənin qarşısında duruş gətirə bilmədi. Ərinin xəstəliyindən istifadə edib Xeyranisə Qəzvində və ölkədə bütün hakimiyyəti əlinə aldı və Pərixan xatunu fiziki cəhətdən aradan qaldırdı. Lakin çox çəkmədi ki, özünün də aqibəti faciəvi oldu. Belə ki, oğuz bəyləri qadının özbaşınalığına dözməyib şaha  onun ölümü haqqında fərman imzalatdırdılar, həmçinin taxtdan imtina etməyə məcbur etdilər. Beləliklə 1587-ci ildə şah Məhəmməd Xudabəndi taxtdan imtina etdi və oğlu şah Abbas adı ilə səfəvilər xanədanının beşinci hökmdarı oldu. Bununla da, Pərixan xatun atasının ölümündən sonra üç şahın hakimiyyətə gəlməsinə səbəbkar oldu. Bundan sonra səfəvi, avşar və qacar xanədanlarında qadınların rolu tamamilə kiçilmiş və hərəmxana idarəçiliyindən o yana keçməmişdir.

Dilşad xatun (İparxan)

Nadir şahın (1747) qətlindən sonra bütün imperiyada hərc-mərclik yaranmış, hakimlər ard-arda öz dövlətlərini, xanlıqlarını, bəyliklərini elan etmişdilər. Əmir Teymur kimi Nadir şah da Çinə yürüşü düşünürdü. Nə yazıq ki, Əmir Teymur öz əcəli ilə  öldü, Nadir şah isə qətlə yetirildi. Bundan sonra Çinin də Şərqi Türküstanı Işğal etmək planları işə düşdü və 1757-ci ildə bu bölgə Çin tərəfindən Işğal olundu. Şərqi Türküstanda yaşayan uyğurlar düz qırx iki dəfə müstəqillik uğrunda mübarizə elan etdilər.

Dövrünə görə və rusların köməyi ilə sayı və təchizat baxımından müqayisə edilə bilməyəcək Çin ordusu mübarizədən qalib çıxdı. 

Şərqi Türküstanın xanlarından biri olan Cahangir Xoca döyüşlərin birində şəhid olduqdan sonra müqavimət dayanmadı, ordunun başına onun həyat yoldaşı Dilşad xatun (İparxan) keçdi.

Döyüşlərin birində (1759) Dilşad xanım əsir düşərək Pekinə aparıldı. Çin imperatoru ona evlənmək təklif etsə də, şiddətlə rədd edildi və intiharı üstün tutdu, baxmayaraq  ki, imperator ona azadlığı barədə çoxlu vədlər vermişdi. O ölümü çinli ilə evlənməkdən üstün tutdu və ölümündən sonra "Gəlinlərin anası" adı aldı.

Ardı var

Milli.Az