Göy qurşağını görmək üçün nə etməliyik?

6 May 2025 15:57

Təbiət insanlara yalnız həyat üçün zəruri olan resursları deyil, həm də gözəllik və heyranlıq doğuran mənzərələr bəxş edir. Bu ecazkar mənzərələr arasında göy qurşağı xüsusi yer tutur. İnsanlar bu rəngarəng görüntünü çox vaxt sadəcə bir estetik hadisə kimi qəbul etsələr də, onun arxasında maraqlı elmi mexanizmlər dayanır.

Bəs göyqurşağı necə əmələ gəlir? 

Milli.Az xəbər verir ki, göy qurşağının əmələ gəlməsi üçün qeyri-adi və nadir hava şəraiti tələb olunmur. Alimlər bildirirlər ki, göy qurşağı fiziki cisim və ya tipik hava olayı deyil, sadəcə optik bir illüziyadır. Başqa sözlə, o gerçək bir obyekt deyil, biz onu yalnız günəş şüalarının yağış damlaları ilə qarşılıqlı təsiri nəticəsində müşahidə edirik.

Bu təbiət hadisəsini görmək üçün xüsusi bucaq altında durmaq vacibdir: Günəş arxanızda, qarşı tərəfdə isə nəmli hava - məsələn, çiskin, yağış, duman və ya su spreyi - olmalıdır. Bu zaman günəş işığı su damlalarına daxil olub orada qırılır və əks olunaraq göy qurşağı effekti yaradır.

Bu rəng spektri, əslində, işığın bir maddədən başqa bir maddəyə keçdikdə sınması və dağılması ilə yaranır. Bu hadisə su damlası içərisində bir neçə mərhələdə baş verir və hər damla göy qurşağının balaca bir hissəsini formalaşdırır.

Əslində, göy qurşağı tam dairə şəklində formalaşır. lakin müşahidəçi yer səviyyəsində olduğu üçün yalnız onun üst hissəsi görünür. əgər bu mənzərə yüksəkdən məsələn, bir təyyarədən - izlənilsə, tam dairəvi göy qurşağına şahid olmaq mümkündür.

Asya
Milli.Az